Xəbər axtarın

Son axtarış nəticələri:

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

02.10.2026 19:35

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

Bakı dekabrın 9-10-da Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna ev sahibliyi edəcək.

Bu barədə Primeinfo.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə baş tutacaq Forumda xarici ölkələrdə yaşayan 100-dən çox azərbaycanlı alimin, həmçinin ölkəmizin aparıcı elm və təhsil müəssisələrini təmsil edən 500-ə yaxın elm xadimi, gənc doktorant və tədqiqatçının iştirakı nəzərdə tutulur.

Əsas məqsəd xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərlə ölkəmizin elm ictimaiyyəti arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsi, vahid şəbəkənin yaradılması, həmçinin I Forumdan sonra həyata keçirilən və nəzərdə tutulan layihələrin müzakirəsidir.

Forum çərçivəsində xaricdən gələn alimlərin ixtisas sahələrinə uyğun olaraq ayrı-ayrı universitetlərdə görüşlərin, elmi müzakirələrin və ustad dərslərinin keçirilməsi planlaşdırılır.

Xaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı alimlər oktyabrın 20-dək link vasitəsilə qeydiyyatdan keçə və Forumda iştirak hüququ əldə edə bilərlər.

Qeyd edək ki, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin I Forumu 2024-cü ildə Bakı şəhərində keçirilib.

Paylaş: