
ABŞ Prezidenti Donald Tramp şənbə günü nüfuzlu siyasi nəşr “POLITICO”ya verdiyi müsahibədə İranın ali rəhbəri Əli Xamneyinin 37 illik hakimiyyətinin başa çatmalı olduğunu bəyan edib.
Primeinfo.az-ın Günaztv-yə istinadla xəbərinə görə, Tramp bildirib ki, Xamneyi ölkəsini məhv edib və İran yeni rəhbərliyə ehtiyac duyur.
ABŞ prezidenti İran rəhbərliyini “xəstə” adlandıraraq vurğulayıb ki, insanların kütləvi şəkildə qətlə yetirilməsi və ölkənin dağıdılması bu cür xəstə idarəçiliyin nəticəsidir.
ABŞ prezidenti Xamneyini “İranın tamamilə məhv edilməsinə görə məsul şəxs” kimi qiymətləndirib və ona xitabən deyib: “Liderlik hörmət üzərində qurulur, ölüm və qorxu üzərində yox.”
Bu açıqlamalar Əli Xamneyinin “X” sosial şəbəkəsində Donald Trampa qarşı sərt məzmunlu paylaşımlar etməsindən sonra səsləndirilib.
Həmin paylaşımlarda Xamneyi ABŞ prezidentini İranda baş verən zorakılıqlar və ölümcül iğtişaşlara görə məsul tutmuşdu.
Tramp bu paylaşımlara cavab olaraq bildirib ki, Tehran hakimiyyəti ölkəni yalnız zorakılıq və repressiya yolu ilə idarə edir. O əlavə edib:
“Bir ölkənin lideri kimi onun törətdiyi şey tam dağıntıdır və görünməmiş səviyyədə zorakılıqdır. Artıq İranın yeni rəhbərlik axtarmasının vaxtı çatıb. Zəif rəhbərlik səbəbindən İran dünyada yaşamaq üçün ən pis ölkəyə çevrilib.”