
Böyük Britaniya hökuməti miqrasiya siyasətində geniş dəyişikliklər çərçivəsində dörd ölkənin vətəndaşları üçün bəzi viza növlərinə məhdudiyyət tətbiq edəcəyini açıqlayıb.
Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Əfqanıstan, Kamerun, Myanma və Sudan vətəndaşları üçün təhsil vizalarının verilməsi dayandırılacaq, əfqanıstanlılar üçün iş vizalarına məhdudiyyət qoyulacaq.
Nazirlik bildirib ki, qanuni viza yollarından istifadə edərək sığınacaq üçün müraciətlərin sayının artması səbəbindən bu ölkələrin vətəndaşlarına qarşı vizalar üzrə məhdudiyyət mexanizmi tətbiq edilir. Böyük Britaniya hökuməti bundan əvvəl də miqrasiya siyasətində dəyişikliklər planlaşdırdığını açıqlamışdı. Dəyişikliklər çərçivəsində qaçqın statusunun müvəqqəti verilməsi və ölkəyə qanunsuz daxil olan şəxslərin daha sürətli deportasiya olunması nəzərdə tutulur.
Hökumət bu addımların həm mövcud sistemdən sui-istifadənin qarşısını almaq, həm də ölkədə artan antiimmiqrasiya çağırışları fonunda siyasi təzyiqləri azaltmaq məqsədi daşıdığını bildirir. Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud qeyd edib ki, ölkə müharibə və təqiblərdən qaçan insanlara sığınacaq verməyə davam edəcək.
“Böyük Britaniya müharibə və təqiblərdən qaçan insanlara hər zaman sığınacaq verəcək. Lakin viza sistemimizdən sui-istifadə edilməsinə yol verilə bilməz”, – deyə nazir vurğulayıb.