Xəbər axtarın

Son axtarış nəticələri:

Güney təşkilatından Bakı və Ankaraya çağırış - BİGANƏ QALMAYIN

11.03.2026 13:18

Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP) Azərbaycan və Türkiyə Respublikalarının Güney Azərbaycana yönəlik strateji baxışı ilə bağlı bildiriş yayıb.

Primeinfo.az bildirişi təqdim edir:

“Son günlər bölgədə baş verən hərbi və siyasi gərginliklər, İran içində artan qeyri-sabitlik və terror qruplaşmalarının sərhəd bölgələrində hərəkətlənməsi Qafqaz və Orta Doğuda yeni təhlükəsizlik reallıqları yaratmışdır.

İranda baş verən son siyasi proseslər, özəlliklə rejimin faktiki olaraq İnqilab Qorucularının (Sepah) tərəfindən yönətilən bir “yumşaq çevriliş” nəticəsində daha sərt təhlükəsizlik xəttinə yönəldiyini göstərir. Bu proses çərçivəsində Mojtaba Xameneinin atasının yerini tutaraq farsçı-şuubi rejimin zirvəsinə gətirilməsi İran diktatorasının daha qapalı və sərt bir aşamaya keçdiyini açıqca göstərir.

Bu yeni siyasi durum bölgədə təhlükəsizlik balansını dəyişdirməklə yanaşı, Güney Azərbaycanın strateji mövqeyini daha da ön plana çıxarmışdır.

Güney Azərbaycan Qurtuluş Partiyası hesab edir ki, bölgədə sabitliyin, təhlükəsizliyin və uzunmüddətli barış ortamının yaranması üçün Güney Azərbaycan faktoru ön plana çıxmadan heç bir bölgəsəl təhlükəsizlik siyasəti uğurlu ola bilməz.

Bu baxımdan Türkiyə və Azərbaycan Respublikalarının Güney Azərbaycana yönəlik strateji baxışı aşağıdakı ana prinsiplər üzərində qurulmalıdır:

1. Güney Azərbaycanın torpaq bütövlüyü və təhlükəsizliyi bölgə sabitliyinin əsas şərtidir.
Türkiyə və Azərbaycan bölgədə terror qruplaşmalarının və qeyri-qanuni silahlı strukturların yerləşməsinə imkan verməməli, Güney Azərbaycanın torpaq bütünlüyünü regional təhlükəsizlik strategiyasının ayrılmaz hissəsi kimi görməlidirlər.

2. Türk dünyasının geosiyasi birliyi.
Güney Azərbaycan Türk dünyasının ayrılmaz bir parçasıdır. Bu səbəbdən Ankara və Bakı Türk dünyasının təhlükəsizlik və əməkdaşlıq ideyasında Güney Azərbaycan faktorunu nəzərə almalıdır.

3. İnsancıl və siyasi dəstək.
Güney Azərbaycan türklərinin milli, mədəni və siyasi hüquqları beynəlxalq platformalarda müdafiə edilməli, bölgə xalqının legitim tələbləri dünya ictimaiyyətinə çatdırılmalıdır.

4. Bölgədə sabitliyin qorunması.
İran içində mümkün siyasi dəyişikliklər və ya keçid sürəcində Güney Azərbaycanın milli haqlarının və təhlükəsizliyinin qorunması regional güclər üçün başlıca gündəm olmalıdır.

5. Türk millətinin ortaq gələcəyi.
Türkiyə və Azərbaycan dövlətlərinin strateji əməkdaşlığı Güney Azərbaycanın da daxil olduğu geniş Türk coğrafiyasında barış, rifah və birlikdə yaşamağın təmin olunmasını qarantı altına almalıdır.
Güney Azərbaycan Qurtuluş Partiyası inanır ki, bölgədə yaranan yeni geosiyasi şərait Güney Azərbaycanın gələcəyinin və təhlükəsizliyinin uluslararası alanda daha ciddi şəkildə müzakirə olunmasına imkan yaradacaqdır.

GAQP bölgədə barışcıl yaşamın, sabitliyin və xalqlar arasında qarşılıqlı sayğınlığın yaranması üçün yeni bir siyasi düzənin qurulmasını dəstəkləyir.

 

 

Paylaş: