Xəbər axtarın

Son axtarış nəticələri:

Misirdə azərbaycanlı tədqiqatçı-alim məşhur proqramın qonağı olub - FOTO

04.03.2026 19:55

Hər il Ramazan ayında Misirin Vəqflər Nazirliyi tərəfindən “Alimlərlə görüş” proqramı təşkil olunur.

Primeinfo.az xəbər verir ki, proqramın bu dəfəki qonağı Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov olub.

Bir saatdan artıq davam edən görüşdə əsrlər boyu xalqlarımız arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb.

S. Nəsirov ərəb mənbələrinə istinad edərək qeyd edib ki, VII əsrin əvvəllərində misirlilərin Azərbaycana köçü baş verib. Misirin inkişafında azərbaycanlı alimlərin müstəsna xidmətlərindən bəhs edən alim, Misirin baş həkimi Fəthullah İbn Nəfis, baş hakimi Əfzələddin əl-Xunəci, ərəb dili və islam hüququ üzrə alim İbn Hacib əd-Duvini və islamşünas alim Əbdülhəmid əş-Şirvaninin adlarını xüsusi qeyd edib.

O bildirib ki, sovet hakimiyyətinin Azərbaycan xalqına göstərdiyi ciddi təzyiqlərə baxmayaraq, xalqımız heç zaman öz dini dəyərlərindən uzaqlaşmayıb.

Görüşün aparıcısı, tanınmış jurnalist Həsən Şazuli qeyd edib ki, Seymur Nəsirov Misirdə həyata keçirdiyi ictimai və elmi fəaliyyətinə, eləcə də xalqlar arasında əlaqələrin inkişafına verdiyi töhfələrə görə Misir prezidenti Əbdülfəttah əs-Sisi tərəfindən birinci dərəcəli “Elm və Fənlər” ordeni ilə təltif olunub.

Həmçinin vurğulanıb ki, S. Nəsirovun 23 il ərzində təsis etdiyi müəssisələrdə yetişdirdiyi minlərlə tələbə bu gün dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərir.

Qeyd edək ki, “Alimlərlə görüş” proqramına Misirin ən nüfuzlu alim və mütəfəkkirləri dəvət olunur və proqram kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılır.

Paylaş: