
Türkiyə Hörmüz boğazında yaranmış gərginlik fonunda öz gəmilərinin təhlükəsizliyini təmin etmək üçün diplomatik səylərini gücləndirib. Rəsmi Ankara gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədilə İranla danışıqlar aparır.
Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, hazırda Türkiyəyə məxsus 11 gəmi üçün boğazdan keçid imkanları axtarılır. Bununla yanaşı, daha 14 gəmi açıq dənizdə gözləmə vəziyyətindədir və onların təxliyəsi hələlik həyata keçirilməyib.
Məlumata görə, ekipaj üzvləri ilə mütəmadi əlaqə saxlanılır və vəziyyət nəzarətdə saxlanılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı bildirib ki, Ankara ölkəni regiondakı hərbi qarşıdurmadan kənarda saxlamaq əzmindədir. Onun sözlərinə görə, Türkiyə gərginliyin daha da artmasının qarşısını almaq üçün diplomatik kanallardan istifadə etməyə davam edəcək.
Eyni zamanda, Ankara İran və ABŞ arasında mümkün dialoq üçün vasitəçi rolunu qorumağa çalışır. Bu addım regionda sabitliyin təmin olunmasına yönəlmiş mühüm təşəbbüs kimi qiymətləndirilir.
Qeyd edək ki, Hörmüz boğazı dünya üzrə neft daşımalarının təxminən 20 faizinin keçdiyi strateji marşrut hesab olunur. Fevralın 28-dən etibarən boğazın bağlanması qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub və beynəlxalq ticarətə təsir göstərməkdə davam edir.