
Rusiya Ukraynadan Türkiyəyə gedən yük gəmisinə PUA ilə hücum edib.
Primeinfo.az Haber7.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Rəsmi məlumata görə, hadisə gecə saatlarında Qara dənizdə baş verib.
Rusiya ordusu tərəfindən PUA vasitəsilə hədəf alınan “ANT” quru yük gəmisi Vanuatu bayrağı altında (gəminin sahibi olan şirkət Türkiyəyə məxsusdur) Odessa vilayətinin limanlarından birindən yüklə birlikdə Türkiyə istiqamətinə hərəkət edirmiş.
Zərbə nəticəsində gəminin göyərtəsində yanğın baş verib.
Ukrayna Dəniz Axtarış-Xilasetmə Xidmətinin və Ukrayna Hərbi Dəniz Qüvvələrinin bölmələri tərəfindən yanğın tez bir zamanda lokallaşdırılaraq söndürülüb.
Zərbə nəticəsində gəminin iki ekipaj üzvü yaralanıb. Onlar Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıqları ilə təxliyə edilib və tibb müəssisəsinə aparılıblar.
