
ABŞ və Çin liderləri Donald Tramp və Si Cinpin Pekində keçirilən danışıqlarda Hörmüz boğazının enerji daşıyıcılarının maneəsiz keçidi üçün açıq qalmalı olduğunu bildiriblər.
Primeinfo.az Ağ Evə istinadən xəbər verir ki, Çin sədri Pekinin boğazın militarizasiyasına və oradan keçid üçün hər hansı ödəniş tətbiqinə qarşı olduğunu vurğulayıb.
Prezident Si Çinin boğazın militarizasiyasına və oradan keçid üçün ödəniş alınması cəhdlərinə qarşı mövqeyini açıq şəkildə ifadə edib; o, gələcəkdə Çinin boğazdan asılılığını azaltmaq üçün daha böyük həcmdə Amerika nefti almaqda maraqlı olduğunu bildirib.
Al Jazeera-nin məlumatına görə, Tramp Si Cinpini sentyabrda Ağ Evə cavab səfərinə dəvət edib. ABŞ prezidenti növbəti yüksək səviyyəli görüş üçün konkret tarix də səsləndirib – 24 sentyabr. Tramp həmçinin Çinin birinci xanımı Pen Liyuanı bu səfər zamanı Çin liderini müşayiət etməyə dəvət edib.
Si Cinpin bildirib: “İki ölkəmiz rəqib deyil, tərəfdaş olmalıdır. Çin xalqının böyük dirçəlişinə nail olmaq və Amerikanı yenidən möhtəşəm etmək yanaşı gedə bilər. Biz bir-birimizə uğur qazanmaqda kömək edə bilərik. Həm Çin, həm də ABŞ əməkdaşlıqdan qazana, qarşıdurmadan isə uduza bilər”.
Tramp Çində keçirilən təntənəli qəbulda çıxış edərək deyib: “Amerika və Çin xalqları arasında dərin və möhkəm əlaqələrin şərəfinə badə qaldırmaq və tost demək istərdim. Bu, çox xüsusi münasibətlərdir. Bu gün Çin nümayəndə heyəti ilə son dərəcə müsbət və məhsuldar danışıqlar və görüşlər keçirdik.
Amerika və Çin xalqlarının çox ortaq cəhətləri var. Biz zəhməti qiymətləndiririk. Biz cəsarəti və nailiyyətləri qiymətləndiririk. Biz ailələrimizi sevirik və ölkələrimizi sevirik. Birlikdə bu dəyərlərə söykənərək uşaqlarımız üçün daha çox rifah, əməkdaşlıq, xoşbəxtlik və sülhlə dolu gələcək qurmaq şansımız var”.