Pekində Si Cinpin və Tramp arasında görüş keçirilib - FOTO
14.05.2026 10:00
Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında Pekində görüş keçirilib.
Primeinfo.az xəbər verir ki, danışıqlar Böyük Xalq Yığıncaqları Zalında baş tutub.
Görüşdə “Tesla” və “Apple” də daxil olmaqla, ABŞ-nin bir neçə böyük şirkətinin rəhbərləri də iştirak edib.
Onlar ikitərəfli və beynəlxalq məsələləri müzakirə ediblər. Si Cinpin bildirib ki, Çin və ABŞ ümumi rifah və uğur naminə rəqabət deyil, tərəfdaşlıq münasibətlərini inkişaf etdirməlidirlər: “Çin və ABŞ arasında qarşıdurma qarşılıqlı zərərə gətirib çıxarar, buna görə də onlar rəqib deyil, tərəfdaş olmalıdırlar”.
Çin rəhbəri qeyd edib ki, qarşılıqlı dəstək və birgə inkişaf Pekinlə Vaşinqtona müasir şəraitdə iki böyük dövlət arasında yeni əməkdaşlıq formatı formalaşdırmağa kömək edə bilər. O həmçinin vurğulayıb ki, hər iki ölkənin maraqlarına və beynəlxalq gündəliyə aid əsas məsələlər üzrə fikir mübadiləsinə ümid edir.
ABŞ prezidenti Donald Tramp isə Çinə səfərinin onun üçün böyük şərəf olduğunu bildirib: “Bu, çox az insana nəsib olan bir şərəfdir. Mən hamıya deyirəm ki, siz böyük lidersiniz. Bəzən insanlar bunu deməyimi xoşlamırlar, amma yenə də deyirəm, çünki bu, həqiqətdir”.
Məlumata görə, danışıqlar iki saatdan bir qədər çox davam edib.
Daha əvvəl Si Cinpin və Tramp Tyananmen Meydanı yaxınlığındakı Xalq Yığıncaqları Zalının Şərq Qapısında keçirilən qarşılanma mərasimində iştirak ediblər. ABŞ Prezidentinin avtomobil karvanı Çanyansz küçəsi boyunca gəlib, sonra orada onu Çin Sədri qarşılayıb. İki lider əl sıxıb qısa salamlaşıblar.
Mərasim zamanı hərbi orkestr hər iki ölkənin dövlət himnlərini səsləndirib, bundan sonra liderlər fəxri qarovulun baxışında iştirak ediblər.
Qeyd edək ki, Trampın Çin səfəri 15 maya qədər davam edəcək. Səfərin məqsədi ticarət, iqtisadi əməkdaşlıq və digər əsas ikitərəfli məsələlər üzrə fikir ayrılıqlarını aradan qaldırmaq, eləcə də gözlənilən ABŞ-İran münaqişəsi də daxil olmaqla qlobal məsələlər üzrə mövqeləri əlaqələndirməkdir.