
Türkiyədə “Halk TV”nin maliyyə qaynaqlarının araşdırılması işi üzrə növbəti – üçüncü əməliyyat keçirilib.
Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, nəzarətə alınan şəxslərin siyahısında telekanalın tanınmış siması Ece Üner və əri, jurnalist Deniz Bayramoğlu da var.
Məlumata görə, 12 nəfərin saxlanılması barədə qərar verilib, polis 9 nəfəri nəzarətə götürüb.
Həmin şəxslər sırasında İzmir Böyükşəhər Bələdiyyəsinin texniki baxış və təmir departamentinin rəhbəri Ulaş Eroğlunun olduğu bildirilir.
İttiham tərəfinin versiyasına əsasən, “Halk TV”nin rəhbəri Cafer Mahiroğlunun sahibi olduğu “BUSTECH” şirkəti üzərindən xəyali sövdələşmələr və saxta qaimələr həyata keçirilib. İstintaq orqanları hesab edir ki, bələdiyyələrin qanunsuz tenderlərindən əldə olunduğu ehtimal edilən gəlirlər məhz bu üsulla qanuniləşdirilib.

Cinayət işinin materiallarında diqqətçəkən əsas məqamlardan biri də Ece Ünerə və ərinə müəyyən şəxslərin sifarişlə materiallar hazırlamaları müqabilində aylıq 1 milyon 650 min türk lirəsi (təxminən 55 min manat) məbləğində ödənişin edilməsi ilə bağlı iddialardır.
Araşdırma daxilində cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulması, rüşvət alma, mütəşəkkil dəstə yaratma, dezinformasiya yayma və tender qanunvericiliyinin pozulması kimi ittihamlar üzrə şübhələr də incələnir.
Vurğulanır ki, kanal sahibi Cafer Mahiroğluya qarşı aparılan istintaq hərəkətləri davam etdirilir.
Xatırladaq ki, bundan əvvəl 19 şübhəli nəzarətə alınıb, onlardan 8 nəfəri isə məhkəmə qərarı ilə həbs olunub.