Xəbər axtarın

Son axtarış nəticələri:

Trampın gömrük rüsumları siyasəti: ABŞ-nin müttəfiqləri alternativ axtarışında

25.11.2026 15:02

Trampın gömrük rüsumları siyasəti: ABŞ-nin müttəfiqləri alternativ axtarışında

Prezident Donald Tramp köhnə siyasətinə qayıtmağı – ABŞ-nin 16 əsas ticarət tərəfdaşına qarşı yeni gömrük rüsumları tətbiq etməyi planlaşdırır. “Reuters” agentliyinin məlumatına görə, ABŞ Ticarət Nümayəndəliyi yeni rüsumları əvvəlki tariflərin üzərinə əlavə etməyi təklif edəcək. Yeni tədbirlər fevral ayında ABŞ Ali Məhkəməsinin ləğv etdiyi tariflərin bir hissəsini əvəz etməyə yönəlib.

Tariflər ölkələr üzrə fərdi qaydada müəyyənləşdiriləcək. Hədəf ölkələr siyahısında yenə Çin var. İki ölkənin lideri arasında sıx dialoqa baxmayaraq, ABŞ administrasiyası Çinin ixrac imkanlarının genişlənməsindən narahatdır. Çinin dünya bazarında elektrik avtomobilləri, məişət texnikası və günəş panellərinin satışında aşkar liderliyi Vaşinqtonu narahat edir. Buna baxmayaraq, ABŞ ilə Çin arasında gömrük rüsumlarının artırılmaması ilə bağlı yanvarın 10-a qədər ticarət atəşkəsi davam edir. Əgər atəşkəs uzanarsa, Çin məhsullarına qarşı rüsumların 20 faiz həddində saxlanılması gözlənilir.

ABŞ-nin hədəf ölkələr arasında göstərdiyi Kanada və Hindistan öz aralarında ticarət sazişi imzalamağı planlaşdırırlar. “Bloomberg” agentliyi ticarət sazişinin bu ilin sonuna qədər imzalanacağını yazıb. ABŞ-la Kanada arasında danışıqlarda nəticə əldə olunmayıb. İki dövlət arasında ticarət sazişi ilə bağlı fikir ayrılığı ortadan qaldırılmayıb. Rusiya neftini aldığına görə, Hindistan da ABŞ-nin təzyiqi ilə üzləşib. Bu vəziyyətdə Kanada və Hindistan öz aralarında əməkdaşlığı gücləndirməyə qərar veriblər. Uran ehtiyatına görə, Kanada dünya liderləri arasındadır. Kanada bu imkanlardan istifadə edərək Hindistanın atom enerjisinin inkişafında iştirak etmək istəyir. İki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində də əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

Tramp administrasiyasının digər iki müttəfiqi – Yaponiya və Cənubi Koreya məhsullarına da gömrük rüsumlarını artıracağı barədə məlumat var. Tramp Çindəki sammitdən geri dönərkən, Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə telefonla danışıb. Bu söhbətdə iqtisadi əlaqələrdən danışılmayıb. Tramp Takaiçiyə Rusiya və Çin liderləri ilə üçtərəfli görüşünün təfərrüatları barədə məlumat verib. Əlbəttə, Yaponiyanın Baş nazirini bu mövzu da maraqlandırır. Ancaq Tokio Vaşinqtonun tətbiq etməyə hazırlaşdığı gömrük rüsumlarından narahatdır.

Paylaş: