
“Son dövrlərdə cənab Prezidentin korrupsiyaya qarşı apardığı mübarizə nəticəsində bir sıra məmurlar məsuliyyətə cəlb olunub. Müşahidə edirik ki, həmin şəxslər qeyri-qanuni yollarla əldə etdikləri vəsaitləri ailə üzvlərinin, qohumlarının və yaxın çevrələrinin adına keçirirlər. Nəticədə isə sənədlər üzrə onların özünə məxsus heç bir əmlakı olmur, hətta yaşayış evi belə olmur, guya kirayədə yaşayırlar”.
Primeinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Maraqlar toqquşması haqqında” qanun layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
“Bu cür hallar insanlarda ikrah hissi yaradır və düşünürəm ki, bu məsələdə bəyannamənin əvvəlcədən təqdim olunması düzgündür. Bir çox hallarda həmin şəxslər bildirirlər ki, vəsaitlər onlara keçmişdən, babalarından qalıb. Əslində araşdırsan, görürsən ki, babası kasıb bir insan olub. İndi isə həmin vəsaitin guya ona məxsus olduğunu göstərmək üçün başqa bir ad çəkilir. Hesab edirəm ki, bəyannamə bütün bunları açıq şəkildə ortaya qoyacaq.
İkincisi, bu qanun layihəsi ədalətsiz sahibkarlığın qarşısını alacaq. Bu gün belə sahibkarlıqla məşğul olan şəxslər oğurladıqları külli miqdarda vəsaiti ticarət, tikinti, fermer təsərrüfatı və digər sahələrə yatırmaqla kiçik və orta sahibkarlığın inkişafına mane olurlar. Kiçik və orta sahibkarlıqla məşğul olan vətəndaş bankdan 23-24 faizlə kredit götürüb iş qurmağa çalışanda, həmin şəxslər böyük məbləğdə vəsait xərcləyərək işlərini qiymətindən asılı olmayaraq görür, məhsulunu da dəyərindən aşağı satırlar. Çünki pul onlara havayı gəlib və bu havayı pul sayəsində bunu edirlər.
Kənd yerlərində minlərlə insan onların ucbatından demək olar ki, hər hansı bir bizneslə məşğul ola bilmir. Hesab edirəm ki, bu qanunu qəbul etməklə biz bu qeyri-bərabər rəqabəti də aradan qaldırmalıyıq.
Sonuncu məsələ məmur və digər tərəflə bağlıdır. Biz burada hər iki tərəfi də nəzərdə tutmalıyıq. Məmura rüşvət təklif edən də var axı. Əgər məmura rüşvət təklif olunmasa, o, rüşvəti haradan ala bilər? Təklif edən tərəfi də qınamalıyıq, düzgün yolu göstərməliyik ki, hər hansı fərasətsiz, təhsilsiz və ya zəif təhsilli övladını şirnikləndirməklə, hədiyyələrlə və digər vasitələrlə işə cəlb etmək olmaz. Bu, dövlətə də ziyandır”, – deyə komitə sədri bildirib.