
“44 günlük Vətən müharibəsində vuruşmuşam, Şuşa uğrunda döyüşlərdə ağır yaralanmışam. Başımdan ciddi travma almışam, epilepsiya xəstəsiyəm, psixi sağlamlığımda problem var, ayağım nevroloji iflic olub. Bu qədər ağır problemlərə baxmayaraq əlil kimi aldığım pensiya kəsilib”.
Primeinfo.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya qazi Cəfərov Elxan Əlvan oğlu müraciət edib.
O bildirib ki, səhhətində olan problemlər işləməsinə imkan vermir. Ona daha əvvəl əlillik təyin olunub və 5 il pensiya alıb. Lakin avqust ayından bəri pensiyası kəsilib.
Problemlə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirildi ki, hazırda vətəndaşla bağlı göndəriş elektron sistemə daxil edilməyib: “Ağdam rayon sakini 1998-ci il təvəllüdlü Cəfərov Elxan Əlvan oğluna təyin olunan əlillik müddəti 26.08.2026-cı il tarixdə başa çatıb. Hazırda vətəndaşla bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən yeni göndəriş elektron sistemə daxil edilməyib. Şəxslə bağlı tibb müəssisəsi tərəfindən yeni Forma-88 sənədi rəsmiləşdiriləcəyi təqdirdə onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndiriləcək”.
Sənədin niyə sistemə daxil edilməməsi ilə bağlı TƏBİB-ə ünvanladığımız sorğuya isə belə cavab aldıq: “Vətəndaş Cəfərov Elxan Əlvan oğlunun əlillik məsələsi ilə bağlı müraciəti araşdırılıb.
Onun tibbi sənədləri və müayinələrinin nəticələri ilə obyektiv müayinə nəticələri arasında uyğunsuzluq olması səbəbindən Forma-88-in sistemə daxil edilməsi mümkün olmayıb. Bu barədə komissiya üzvləri tərəfindən pasiyent məlumatlandırılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə imtina aktı təqdim edilib”.
Qurumdan həmçinin bildirilib ki, imtina halı ilə bağlı məhkəməyə müraciət oluna bilər.
Qeyd edək ki, E.Cəfərov “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.



