Xəbər axtarın

Son axtarış nəticələri:

Mustafa Cəmiloğlu: “Yeni türk respublikası yaradılır”

19.11.2026 12:51

Mustafa Cəmiloğlu: “Yeni türk respublikası yaradılır”

“Krım Muxtar Respublikasının yaradılması istiqamətində bütün hazırlıq işləri başa çatıb. Yüz minlərlə sürgün edilmiş krımlı öz doğma torpaqlarına, öz bayraqları altında yaşamaq üçün geri qayıdacaq”.

Primeinfo.az xəbər verir ki, bu sözləri “Türkiye” qəzetinə müsahibəsində Ukrayna Ali Radasının deputatı, Krım türklərinin lideri Mustafa Cəmiloğlu bildirib.

“Hər məsələdə razılığa gəlmişik”

Onun sözlərinə görə, rəsmi Kiyevlə bütün istiqamətlər üzrə razılıq əldə edilib:

“Hazırda davam edən müharibə var. Mövcud fövqəladə şərait səbəbindən Konstitusiyaya hər hansı dəyişiklik etmək mümkün deyil. Lakin muxtariyyətlə bağlı bütün məsələlərdə razılığa gəlmişik. İnşallah, azad Krım eyni zamanda Krım tatarlarının öz muxtar dövləti olacaq.

“Bu, sülh deyil, qısa fasilədir”

Mustafa Cəmiloğlu davam edən sülh danışıqlarının yalnız işğal altındakı bütün Ukrayna ərazilərinin, ilk növbədə isə Krımın geri qaytarılması ilə uğurlu nəticələnə biləcəyini bildirib: “İstər Trampın rəhbərlik etdiyi ABŞ-nin mövqeyi, istərsə də Putinin yanaşması bu şərtlərdən uzaqdır. Nə Krım türkləri, nə də Ukrayna xalqı vətən torpağının bir metrindən belə imtina etməyəcək.

Əgər atəşkəs qərarı qəbul olunarsa, bu, yalnız vaxt qazanmağa hesablanmış bir taktika olacaq. Tərəflər daha böyük müharibəyə hazırlaşmaq üçün nəfəs dərmiş olacaqlar. Bundan sonra isə daha dəhşətli müharibənin baş verməsi qaçılmazdır.

Rusiyanın işğalı qanuniləşdirmək və ələ keçirdiyi əraziləri qanunvericilik yolu ilə öz ərazisinə qatmaqdan başqa məqsədi yoxdur. Ədalətli sülh yalnız zəbt edilmiş torpaqların qaytarılması və törədilmiş cinayətlərə görə məsuliyyətin qəbul edilməsi ilə mümkündür”.

M.Cəmiloğlu əlavə edib ki, beynəlxalq konvensiyalar və BMT qərarları da bunu tələb edir. Onun sözlərinə görə, belə bir fasiləyə Ukraynadan daha çox Putinin ehtiyacı var.

Paylaş: