
Yaradıcı gənclərdən ibarət “Şəfəq” Teatrı növbəti premyeraya hazırlaşır.
Primeinfo.az xəbər verir ki, teatrın səhnələşdirdiyi “Qaraca qız” tamaşasının premyerası noyabrın 28-i saat 14:00-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində keçiriləcək.
Teatrın direktoru və bədii rəhbəri Paşa Ağayevin saytımıza verdiyi məlumata görə, S.S. Axundovun «Qorxulu nağıllar» silsiləsinin motivləri və Abdulla Şaiqin eyniadlı pyesi əsasında hazırlanan tamaşa fərqli rejissor yozumu ilə təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru Paşa Ağayevdir. Onun quruluşunda səhnə əsəri musiqi, rəqs, aktyor ifası və fərqli vizual həllərin vəhdətində təqdim edilir.
Rəqslərin quruluşu isə Məlik Hüseynova məxsusdur.
Paşa Agayevin sözlərinə görə, tamaşada dostluq, mərhəmət, insanlıq və mənəvi dəyərlər kimi mövzular ön plana çəkilir: “Klassik əsərin ideya məzmununu qorumaqla yanaşı, yeni səhnə həlli və bədii yanaşma ilə tamaşaçılara fərqli teatr təcrübəsi təqdim etmək qarşıya məqsəd qoyulub”.
Qeyd edək ki, 2025-ci ildə fəaliyyətə başlayan Şəfəq Teatrı Azərbaycanın müstəqil özəl teatr kollektivlərindən biridir. Hazırda ikinci teatr mövsümünü keçirən kollektiv repertuarını genişləndirərək yeni səhnə əsərləri və yaradıcılıq layihələri ilə fəaliyyətini davam etdirir.
Tamaşaya biletləri iTicket.az saytından, şəhərin mərkəzləşdirilmiş kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək mümkündür.