
Ötən il Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ dolları təşkil edib. Cari ilin ilk doqquz ayında isə bu göstərici təxminən 1 milyard dollar olub.
Primeinfo.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir vurğulayıb ki, Azərbaycanda 280 alman şirkəti qeydiyyatdan keçib. Onlardan 210-u aktiv fəaliyyət göstərir. “Almaniyadan Azərbaycana bu illər ərzində edilən investisiyaların həcmi 950 milyon ABŞ dollarına yaxındır, Azərbaycandan Almaniyaya isə 670 milyon dollardan artıq investisiya edilib. Digər bir fakt ondan ibarətdir ki, Almaniyadan Azərbaycana qarşılıqlı investisiyaların əhəmiyyətli hissəsi qeyri-neft sektoruna yatırılıb. Eyni zamanda, Azərbaycan Dövlət Neft Fondu tərəfindən Almaniya şirkətlərinin qiymətli kağızlarına, müxtəlif digər fondlara ümumi yatırımlar isə 1,8 milyard ABŞ dolları həcmində olub. Bu da kifayət qədər əhəmiyyətli bir rəqəmdir”, – deyə nazir əlavə edib.
C.Bayramov xatırladıb ki, iqtisadi gündəliyi irəli aparmaq məqsədilə 2025-ci ildə iki ölkə arasında mövcud olan yüksəksəviyyəli birgə işçi qrupun görüşü keçirilib.
“2026-cı ildə Prezidentin səfəri çərçivəsində iki ölkə arasında Almaniya-Azərbaycan Biznes Şurasının təsis edilməsi barədə Saziş imzalanıb. Yaxın zamanlarda həmin Biznes Şurasının iclasının və toplantısının həyata keçirilməsi nəzərdə tutulur”, – deyə nazir qeyd edib.