
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanla Türkiyə arasında dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olduğunu bildirib.
Primeinfo.az xəbər verir ki, nazir bunu Bakıda almaniyalı həmkarı Yohan Vadefulla birgə mətbuat konfransında “DW”nin jurnalisti Roman Qonçarenkonun Azərbaycanla Türkiyə arasında son dövrlər yaşanan gərginliyə dair sualına cavabında deyib.
“Azərbaycanla Türkiyə arasında münasibətlər iki dost və qardaş xalq arasında olan münasibətlərdir. Hər bir dövlətdə gedən proseslər var, hər bir cəmiyyətin özünün trayektoriyası var. Hətta belə yaxın qardaşlıq münasibətləri də onu istisna etmir ki, hansısa cəmiyyətdə, başqa ölkədə gedən proseslərə dair fərqli fikirlər irəli sürülsün”.
Onun sözlərinə görə, Azərbaycanın bununla bağlı yanaşması və mövqeyi çox aydındır.
“Ölkənin öz inkişaf modeli mövcuddur və ona uyğun irəliləyir. Hesab edirik ki, iki ölkə arasında münasibətlər indi də hər zaman olduğu kimi möhkəmdir və daha da möhkəm olacaq. Bunun ən aydın cavabı bu yaxınlarda – 8 Noyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda Zəfər Gününə dair tədbirlərə qatılaraq Prezident İlham Əliyevlə birgə dünyaya verdiyi mesajlardır”.
Ceyhun Bayramov xatırladıb ki, iki ölkə arasında müttəfiqlik münasibətləri Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilib.