
Paytaxtda yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir. Bu istiqamətdə görülən işlər ictimai nəqliyyatı da əhatə edir.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov Primeinfo.az-a bildirib ki, Mərkəz tərəfindən Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqforun quraşdırılması nəzərdə tutulub.
İlkin mərhələdə işıqforun paytaxtın Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud olan “L” tipli dirəkdə yerləşdirilməsi planlaşdırılır. Layihəyə əsasən, həmin dirəkdə “T” formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi işıqfor quraşdırılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təklifi əsasında həyata keçiriləcək layihənin əsas məqsədi avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.
Ömər Xıdırov onu da qeyd edib ki, layihənin ilkin tətbiqinin nəticələri qiymətləndirildikdən sonra bu növ svetoforların paytaxtın digər ərazilərində də quraşdırılması imkanlarına baxılacaq.