Xəbər axtarın

Son axtarış nəticələri:

Əhmədoğluna etirazı Tehran təşkil edib?

22.11.2026 15:28

Əhmədoğluna etirazı Tehran təşkil edib?

Mübariz Əhmədoğlu çox yanlış bir üslub seçdi, gərəksiz sözlər dedi. Burası aydın… Bəs, Borçalıdan olan əziz qardaşlar, bacılar Mübariz Əhmədoğluna göstərdikləri prinsipial mövqeni Tehranın Gürcüstandakı emissarlarına niyə göstərmədilər?

İran Borçalıda kimin qara qaşına-gözünə aşiq olub ki, camaata min fırıldaqla pul paylayır, tərəfinə çəkir, tibbi sığorta gül kimi işləyən ölkənin vətəndaşlarını İrana “müalicəyə” aparır, Qum ziyarəti adı altında hər həftə səbəbi gün kimi aydın səfərlər təşkil edir? Qayıdan şəxslərin neçəsi o dairədən uzaqlaşa bilib? Kişilər saqqal-təsbehə, uzunqol qara köynəyə, qadınlar baş örtüyünə elə-belə keçib? Qəfil??? “Din” yeni tanış olanların hamısı döndü oldu qatı şiə? Axı, onların çoxu minimum din bilgisinə sahib deyildilər? “Kəlmeyi-şəhadəti bilirsən” sualıma “İranda şəhər döymü” deyən, bir neçə ay sonrakı görüşümüzdə qaşı düyünlü İran ağzıyla danışan Borçalı türkü qardaşıma burdan salam deyirəm…

2 ildir İranın başı özünə qarışandan bir az səngimə var. Amma təxminən 10 il qabaq Borçalıda əkdiyini biçir İran – toruna düşənlər İrana söz qondurmurlar. Nardaran prosesinin qarşısı alınandan sonra İran Qafqazdakı mərkəzini Borçalıya daşıyıb. Bu haqda neçə reportaj yazdıq, müsahibələr aldıq, təhlükələri göstərdik. Borçalıdan çox az adam etiraz etdi… Çox olsaydılar, bu gün İran Borçalıda əsrlərdir xristian çoxluq içərisində milli kimliyini, dilini, adətini-ənənəsini əritməyən toplumu Qum tərbiyəsinə belə rahat tabe etdirə bilməzdi. Borçalı ziyalılarının səsi gərəkli səviyyədə çıxsaydı, anti-türk, konkret desək, anti-Azərbaycan, anti-Türkiyə təbliğatını İran belə rahat qura bilməzdi.

21-ci yüzildə yaşayan soydaşımız-qardaşımız Borçalıda ona qucaq açan mollaların İranda yüzminlərlə türk gəncinin qəsdinə durduğunun izahını necə verir? Ya eyni mollanın İrəvanla qardaşlığını nəyə bağlayır? Bakıda “Əhmədoğlu üzr istəsin” deyənlər, bəs? Bir səslərini çıxarsınlar görək nə düşünürlər Tehranın Borçalı planları barədə…

Səsləri gəlməsə, demək, onları danışdıran elə Tehrandır.

Aygün Muradxanlı, baş redaktor

Paylaş: