
Dünən səhər saatlarında Yəməndəki husi qüvvələrinin raket hücumu nəticəsində Ər-Riyadın ən hündür binası olan “Public Investment Fund Tower” (PIF Qülləsi) zədələnib.
Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Kral Abdullah Maliyyə Bölgəsində (KAFD) yerləşən və Səudiyyə Ərəbistanının suveren sərvət fondunun baş qərargahına ev sahibliyi edən bu 80 mərtəbəli göydələnin bir neçə orta mərtəbəsinin fasadı zədələnib və pəncərələri sınıb.
Səudiyyə Ərəbistanı husilərin paytaxt Ər-Riyadda yerləşən maliyyə mərkəzinə hücumunu təsdiqləyib.
Bu barədə ölkənin Mülki Müdafiə Təşkilatından məlumat verilib.
Qurumdan bildirilib ki, insident nəticəsində xəsarət alan olmayıb, lakin göydələnin bir neçə mərtəbəsinə və yaxınlıqdakı binalara maddi ziyan dəyib.
Yayılan məlumatlara görə, hücumun hədəfi Kral Abdullah Maliyyə Mərkəzində yerləşən və Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun fəaliyyət göstərdiyi ərazi ilə əlaqələndirilir.
Videokadrlarda zərbədən sonra hündürmərtəbəli binanın orta hissəsində güclü alovun yüksəldiyi, qatı tüstünün ətrafa yayıldığı və xarici örtüyün qoparaq aşağı düşdüyü aydın görünür.
Hadisənin təfərrüatları və dəyən ziyanın tam həcmi ilə bağlı rəsmi qurumların araşdırması və əlavə açıqlamaları gözlənilir.