Xəbər axtarın

Son axtarış nəticələri:

Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” beynəlxalq simpoziumu keçiriləcək

20.11.2026 18:00

Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” beynəlxalq simpoziumu keçiriləcək

Noyabrın 23–24-də Azərbaycan Milli Xalça Muzeyində görkəmli xalçaçı-alim, Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Bu barədə Primeinfo.az-a Milli Xalça Muzeyindən məlumat verilib.

Bildirilib ki, Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Türkiyənin Mərmərə Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq simpozium türk xalqlarının zəngin xalçaçılıq irsinin araşdırılması, ortaq mədəni dəyərlərin təbliği və bu sahədə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanı təmsil edən 20-dən çox alim, tədqiqatçı və muzey mütəxəssisinin iştirakı nəzərdə tutulur.

İki gün davam edəcək simpozium çərçivəsində beş elmi sessiya təşkil olunacaq. Sessiyalarda türk xalça sənətinin konseptual və simvolik dünyası, Lətif Kərimovun elmi və bədii irsi, muzey kolleksiyaları, Mərkəzi Asiya və Anadolu toxuculuq ənənələri, eləcə də xalçaçılıqda dizayn və rəqəmsal texnologiyaların tətbiqi kimi aktual mövzular müzakirə ediləcək.

Elmi müzakirələrlə yanaşı, simpoziumun proqramında “Xalq rəssamı Lətif Kərimov – 120” adlı sərginin açılışı, iştirakçıların Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyası ilə tanışlığı və mədəni proqram da yer alır. Mədəni proqram çərçivəsində Qaziantep gənclər qrupunun ifasında konsert təqdim olunacaq.

Beynəlxalq simpozium “Türk xalçasının gələcək perspektivləri” mövzusunda dəyirmi masa və tədbirin rəsmi bağlanış mərasimi ilə yekunlaşacaq.

Simpozium türk xalqlarının ortaq toxuculuq ənənələrinin elmi müstəvidə araşdırılmasına, xalça sənətinin zəngin irsinin beynəlxalq səviyyədə tanıdılmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verməyi hədəfləyir.

Paylaş: