Xəbər axtarın

Son axtarış nəticələri:

Borçalılıların Mübariz Əhmədoğlundan ÜZR TƏLƏBİ – ETİRAZ

20.11.2026 18:03

Borçalılıların Mübariz Əhmədoğlundan ÜZR TƏLƏBİ – ETİRAZ

Bakıda və Gürcüstanda yaşayan borçalılılar politoloq Mübariz Əhmədoğlunun Borçalıda yaşayan kişilərin ünvanına səsləndirdiyi fikirlərə sərt reaksiya verib.

Primeinfo.az xəbər verir ki, Ramiz Həsənovun imzası ilə yayılan etiraz bəyanatında Mübariz Əhmədoğlunun “Ar olsun Borçalıda yaşayan kişilərə” ifadəsi qətiyyətlə pislənilib və bu cür ümumiləşdirilmiş yanaşmanın təhqiramiz olduğu vurğulanıb.

Bəyanatda bildirilir ki, heç kəsin şəxsi siyasi mövqeyinə, düşüncəsinə və ya hər hansı məsələyə münasibətinə görə bütöv bir bölgənin insanlarını hədəfə almağa, onların şərəf və ləyaqətini alçaltmağa haqqı yoxdur: “Əgər kimlərinsə İranı dəstəkləyən qadınların mövqeyinə etiraz etmədiyini düşünürsünüzsə, bu məsələni konkret faktlar və arqumentlər əsasında müzakirə etmək mümkündür. Lakin qadınların mövqeyinə görə Borçalı kişilərini kollektiv şəkildə qınamaq, onları ar və həya məsələsində ittiham etmək nə ədalətlidir, nə də sağlam ictimai dialoqa xidmət edir. Qadın və kişi olmasından asılı olmayaraq, hər bir insan öz fikrinə, mövqeyinə və davranışına görə qiymətləndirilməlidir. Heç bir cinsə güzəştli münasibət göstərilməməli, heç bir cins də kollektiv şəkildə təhqir olunmamalıdır”.

Mübariz Əhmədoğlu: "Tonoyan blef etmirsə, deməli Ermənistanda hərbi  çevrilişi razılaşdırıb"

Təşkilat qeyd edib ki, Borçalı kişilərinin şərəf və ləyaqətini müzakirə edənlər əvvəlcə bu qədim Azərbaycan yurdunun tarixini və yetişdirdiyi şəxsiyyətləri xatırlamalıdırlar.

Sənəddə Borçalı ilə bağlılığı olan görkəmli dövlət xadimləri Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov, Həsən Seyidov və Həsən Həsənovun, Olimpiya və dünya çempionu Kamandar Məcidovun, Xalq şairi Zəlimxan Yaqubun, akademiklər Zahid Xəlilov, Kamal Talıbzadə, Ramiz Məmmədov, Mədəd Çobanovun, professorlar Camal Mustafayev, Səlahəddin Xəlilov, Pənah Xəlilov, Abbas Hacıyev və Əflatun Saraclının adları xüsusi ehtiramla çəkilib. Həmçinin, Azərbaycanın Milli Qəhrəmanları Eldar Ağayev, Vəzir Sədiyev, Cəlil Səfərov və Vətən müharibəsi qəhrəmanı, general-mayor İlqar Mirzəyevin şücaətləri nümunə göstərilib.

Bəyanatda habelə vurğulanıb ki, bir insanın mövqeyi ilə bütöv bir elin kişilərini mühakimə etmək nə mənəvi, nə də hüquqi baxımdan doğru yanaşmadır: “Bu səbəbdən Mübariz Əhmədoğlundan səsləndirdiyi fikirlərə aydınlıq gətirməsini, Borçalıda yaşayan kişilərin ünvanına işlətdiyi təhqiramiz ifadəyə görə ictimaiyyət qarşısında üzr istəməsini tələb edirik. Bir daha bəyan edirik: Borçalı heç kimin şəxsi mübahisələrinin, siyasi narazılıqlarının və ikili standartlarının hədəfi ola bilməz. Borçalının adına, tariximizə, şəxsiyyətlərimizə, insanlarımızın şərəf və ləyaqətinə hörmətlə yanaşılmalıdır. Borçalı kişilərinin ünvanına deyilən hər bir təhqir bütöv bir elin heysiyyətinə toxunur. Hörmət hər kəsə, təhqir heç kimə!”

Paylaş: