
Azərbaycan Milli Xalça Muzeyində görkəmli xalçaçı-alim, Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr olunmuş “Ortaq irs: Beynəlxalq Türk xalçası” adlı beynəlxalq simpozium başa çatıb.
Primeinfo.az xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, Azərbaycan Milli Xalça Muzeyi və Türkiyənin Marmara Universitetinin birgə təşkilatçılığı ilə keçirilən simpozium türk xalqlarının zəngin xalçaçılıq irsinin öyrənilməsi, ortaq mədəni dəyərlərin təbliği və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olub.
İki gün davam edən simpoziumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanı təmsil edən 20-dən çox alim, tədqiqatçı və muzey mütəxəssisi iştirak edib. Beş elmi sessiya çərçivəsində türk xalça sənətinin konseptual və simvolik xüsusiyyətləri, Lətif Kərimovun elmi və bədii irsi, muzey kolleksiyaları, Mərkəzi Asiya və Anadolu toxuculuq ənənələri, eləcə də xalçaçılıqda dizayn və rəqəmsal texnologiyaların tətbiqi kimi aktual mövzular müzakirə olunub, məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.
Simpozium çərçivəsində “Xalq rəssamı Lətif Kərimov – 120” adlı sərginin açılışı da keçirilib.
Tədbirin yekununda “Türk xalçasının gələcək perspektivləri” mövzusunda dəyirmi masa təşkil olunub. Müzakirələr zamanı türk xalqlarının ortaq toxuculuq ənənələrinin qorunması, öyrənilməsi, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.





