
İranın farsmərkəzli dövlətçilik strategiyası və Azərbaycanın milli təhlükəsizlik problemi
Bəzən dövlətlərin xarici siyasətini anlamaq üçün onların rəsmi bəyanatlarına deyil, uzunmüddətli strateji davranışlarına, ideoloji təsir mexanizmlərinə və müxtəlif coğrafiyalarda formalaşdırdıqları institusional əlaqələrə diqqət yetirmək lazımdır. İran İslam Respublikasının regional siyasəti də məhz bu baxımdan ciddi elmi-siyasi təhlil tələb edir.
Mənim qənaətimə görə, İranın Azərbaycan və bütövlükdə türk dünyası istiqamətində apardığı siyasətin mühüm problemlərindən biri dini həmrəyliyin siyasi təsir mexanizminə çevrilməsi, şiə məzhəbi amilinin isə farsmərkəzçi dövlətçilik maraqları ilə uzlaşdırılmasıdır. Burada söhbət şiəlikdən, şiə etiqadına malik insandan getmir. Söhbət dini inancın dövlət ideologiyasına tabe etdirilməsindən, dini institutların xarici siyasi təsir vasitəsi kimi istifadəsindən gedir.
İranın siyasi sistemində şiəliklə dövlətçilik ideologiyasının qarşılıqlı münasibəti, əslində, daha mürəkkəb məsələdir. Bu sistemin regional siyasətində dini təbliğat, ideoloji diplomatiya, dini təhsil şəbəkələri və transsərhəd əlaqələr bir-birini tamamlayan təsir vasitələri kimi çıxış edə bilir. Lakin burada cavablandırılmalı olan əsas sual budur: İranın dini həmrəylik çağırışlarının arxasında hansı siyasi maraqlar dayanır və bu maraqlar Azərbaycan xalqının mədəniyyəti, milli kimliyi, dövlətçiliyi və regional mövqeləri ilə nə dərəcədə uzlaşır?
İRAN MODELİNİN ƏSAS PROBLEMİ: DİNİ KİMLİK, YOXSA FARS MƏRKƏZLİ SİYASİ HEGEMONİYA?
İranın müasir dövlətçilik modelini təhlil edərkən bir mühüm ziddiyyət diqqəti cəlb edir. Bir tərəfdən, İran özünü şiə dünyasının əsas siyasi-dini mərkəzlərindən biri kimi təqdim edir. Digər tərəfdən, ölkənin daxilində yaşayan qeyri-fars xalqların, xüsusilə Azərbaycan türklərinin milli-mədəni və dil hüquqları ilə bağlı problemlər mövcuddur. Burada prinsipial suallar yaranır: Əgər İran dini qardaşlıq və ümmət birliyini dövlət siyasətinin əsas prinsiplərindən biri kimi təqdim edirsə, bəs nə üçün milyonlarla Azərbaycan türkü öz ana dilində təhsil, mədəni özünüifadə və milli kimliyin sərbəst inkişafı məsələlərində ciddi məhdudiyyətlərlə üzləşir? Dini həmrəylikdən danışan bir dövlət öz daxilində yaşayan xalqların milli və dil hüquqlarına münasibətdə də eyni həssaslığı göstərməli deyilmi?
Məhz bu nöqtədə İranın rəsmi dini ideologiyası ilə onun faktiki milli siyasəti arasında ciddi ziddiyyətlər meydana çıxır. Mən bu ziddiyyəti farsmərkəzçi dövlətçilik təfəkkürünün mühüm təzahürlərindən biri hesab edirəm. Bu, fars xalqına və fars mədəniyyətinə qarşı ittiham deyil. Söhbət çoxmillətli dövlət daxilində bir etnomədəni mərkəzin siyasi üstünlüyünün qorunması və digər xalqların milli özünəməxsusluğunun məhdudlaşdırılması ilə bağlı dövlət siyasətindən gedir.
GÜNEY AZƏRBAYCAN: MİLLİ KİMLİYƏ QARŞI SİSTEMLİ TƏZYİQ MƏSƏLƏSİ
İranın milli siyasətində ən ciddi problemlərdən biri Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinin hüquqları ilə bağlıdır. Güney Azərbaycan məsələsi yalnız dil və mədəniyyət məsələsi deyil. Bu, milyonlarla insanın milli kimliyinin tanınması, ana dilində təhsil almaq, mədəni irsini qorumaq və ictimai həyatda bərabər iştirak etmək hüququ məsələsidir.
Azərbaycan türkcəsinin təhsil sistemində məhdud mövqeyi, milli-mədəni təşəbbüslərin qarşılaşdığı inzibati maneələr, milli fəalların təqib və təzyiqlərlə üzləşməsi, qanunsuz həbslər bu problemin müxtəlif tərəfləridir. Xüsusilə Azərbaycan milli hərəkatının fəallarına münasibət məsələsi diqqətdən kənarda qalmamalıdır. Ana dilində təhsil tələb etmək, milli-mədəni hüquqları müdafiə etmək, Azərbaycan tarixini və kimliyini araşdırmaq, dinc şəkildə milli hüquqlardan danışmaq heç bir halda dövlətə qarşı cinayət kimi qiymətləndirilməməlidir.
Bununla belə, İran hakimiyyətinin təhlükəsizlik və milli sabitlik arqumentləri ilə bu fəaliyyətlərə müdaxiləsi, fəalların həbs edilməsi, mühakimə olunması və təzyiqlərə məruz qalması barədə insan hüquqları təşkilatlarının çoxsaylı məlumatları mövcuddur. 2026-cı ilin beynəlxalq insan hüquqları hesabatlarında da (Human Rights Watch, World Report 2026) etnik azlıqların və hökuməti tənqid edən şəxslərin kütləvi həbsləri, özbaşına saxlanılması və məhkəmə təminatlarının pozulması barədə ciddi narahatlıqlar ifadə edilir. Azərbaycan türklərinin milli hüquqlarını müdafiə etmək İranın ərazi bütövlüyünə qarşı cinayət deyil. Milli kimliyin qorunması universal insan hüquqlarının tərkib hissəsidir.
Əgər bir dövlət dini mənsubiyyəti siyasi sədaqətin meyarına çevirir, milli kimlik tələblərini isə təhlükəsizlik problemi kimi təqdim edirsə, bu, vətəndaş bərabərliyi prinsipini ciddi şəkildə zədələyir.
BORÇALIDA İRANIN DİNİ-İDEOLOJİ TƏSİRİNİN SİYASİ VƏ SOSİAL-İCTİMAİ TƏZAHÜRLƏRİ
Son günlər Gürcüstanda, xüsusilə Borçalı və Kvemo Kartli bölgəsində İranın dini-siyasi təsir imkanları ətrafında yaranan müzakirələr bir daha keçmişdə qaldırdığımız məsələləri gündəmə gətirir. 2026-cı ilin martında (Gürcüstanın Civil.ge nəşri, 7 mart 2026) Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin İranla əlaqələndirilən təsir və cəlbetmə iddiaları üzrə araşdırmaya başlaması, bu məsələnin artıq təkcə dini müzakirə çərçivəsində qalmadığını göstərir.
RFE/RL-nin (RFE/RL, 13 mart 2026) araşdırmasında da İranın Gürcüstandakı şiə icmaları, xüsusilə Kvemo Kartlidə yaşayan etnik azərbaycanlılar arasında dini-siyasi təsir imkanlarının genişlənməsi barədə iddialar və araşdırmalar işıqlandırılıb.
Bu mənzərə mənə illər öncə səsləndirdiyimiz xəbərdarlıqları xatırladır. Həmin illərdə də biz İranın dini təbliğatının yalnız dini maarifləndirmə ilə məhdudlaşmadığını, müəyyən hallarda siyasi və ideoloji təsir mexanizminə çevrilə biləcəyini, bunun Borçalıda gələcək problemlər yarada biləcəyini bildirirdik. Bu gün həmin məsələlərin Gürcüstanın siyasi və təhlükəsizlik gündəliyində müzakirə olunması təsadüfi yanaşmaya əsas verməməlidir.
Əlbəttə, hər bir dini icmanın sərbəst fəaliyyət göstərmək hüququ var. Heç kəsin dini etiqadına görə şübhə altına alınması yolverilməzdir. Lakin dini institutların xarici dövlətlərin siyasi maraqlarına xidmət edib-etməməsi şəffaflıq və hüquqi nəzarət baxımından araşdırılmalıdır.
Burada mənim üçün ən ağrılı məqam başqadır. Biz təhlükəni vaxtında görmüşdük, onun mümkün nəticələri barədə danışmışdıq. Lakin biz bu məsələnin qarşısını almaq üçün yetərli institusional, intellektual və ictimai mexanizmləri formalaşdıra bilmədik. Problem yalnız İranın təsir imkanlarında deyil. Problem həm də bizim öz milli-mədəni təsir siyasətimizi lazımi səviyyədə qura bilməməyimizdədir.
Borçalıda Azərbaycan dilinin, milli təhsilin, mədəniyyətin və Azərbaycanla tarixi əlaqələrin gücləndirilməsi istiqamətində daha sistemli işlər aparılmalı idi. Dini sahədə yaranan boşluqların milli-mədəni maarifçilik, keyfiyyətli təhsil və intellektual fəaliyyətlə doldurulması vacib idi.
Biz bu işi yetərincə görə bilmədik…
İranın regional təsir siyasətinə yalnız Azərbaycan Respublikası sərhədləri daxilində baxmaq strateji baxımdan kifayət etmir. Borçalı, İğdır, Dağıstan, İraq, Güney Azərbaycan və Şimali Azərbaycan müxtəlif siyasi-hüquqi sistemlərə malik olsalar da, onların hər birində harada Azərbaycanlılar yaşayır məhs o bölgələrdə milli kimlik, dini təsir və geosiyasi rəqabət məsələləri mövcuddur. Bununlada İran fars şovenizmi dini ideologiyadan geosiyai hegemoniyaya doğru səssiz işğal siyasəti aparır.
İraqda İranın dini-siyasi əlaqələri, müəyyən şiə siyasi qüvvələri və silahlı strukturlarla münasibətləri ölkənin siyasi suverenliyi ətrafında müzakirələrin əsas mövzularından biridir.
Dağıstanda və Borçalıda isə dini institutların, xarici dini təhsil şəbəkələrinin və ideoloji təbliğatın milli-mədəni proseslərə təsiri diqqətlə öyrənilməlidir.
İğdır və bütövlükdə Şərqi Anadoluda Azərbaycan-türk kimliyinin qorunması, ortaq mədəni əlaqələrin inkişafı və dini qurumların ictimai təsiri ayrıca araşdırılmalıdır.
Bütün bu coğrafiyaları vahid idarəetmə mexanizminin tərkib hissəsi hesab etmək doğru olmaz. Lakin onların hər birində xarici təsir imkanlarını, milli kimlik problemlərini və regional maraqların toqquşmasını ciddi araşdırma və elmi əsaslarla öyrənmək vacibdir.
AZƏRBAYCAN NƏ ETMƏLİDİR? ALTERNATİV STRATEGİYA
Azərbaycan bu məsələyə yalnız İranın siyasətinə reaksiya verməklə yanaşmamalıdır. Bizim mövcud və gələcəkdə yarana biləcək riskləri əsas alaraq öz uzunmüddətli milli və regional strategiyamız olmalıdır.
Birinci, Azərbaycanın dünyəvi dövlətçilik modeli daha da möhkəmləndirilməlidir. Dini etiqad şəxsi hüquq, dövlətə sədaqət isə konstitusion vətəndaşlıq münasibəti kimi qəbul edilməlidir.
İkinci, ölkədə dini maarifləndirmə milli qanunvericiliyə, elmi düşüncəyə, dini plüralizmə və şəffaflığa əsaslanmalıdır. İranın dini təsirinə qarşı başqa xarici dini təsir mərkəzi yaratmaqla mübarizə aparmaq strateji həll deyil.
Üçüncü, Güney Azərbaycan məsələsi ardıcıl və prinsipial şəkildə beynəlxalq hüquq, insan hüquqları və milli-mədəni hüquqlar kontekstində gündəmdə saxlanılmalıdır. Güney azərbaycanlı fəalların dinc fəaliyyətinə, ana dili və təhsil hüququna qarşı təzyiqlər sənədləşdirilməli, beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır.
Dördüncü, Borçalı və Dağıstandakı soydaşlarımızın milli-mədəni hüquqlarına dəstək gücləndirilməlidir. Ana dilində təhsil, müəllim hazırlığı, mədəniyyət mərkəzləri, elmi araşdırmalar və gənclər proqramları prioritet olmalıdır.
Beşinci, Azərbaycan regional dini-siyasi prosesləri araşdıran güclü elmi-tədqiqat mərkəzlərinə malik olmalıdır. Bu sahədə yalnız hadisələrə reaksiya vermək deyil, hadisələrin mümkün nəticələrini əvvəlcədən müəyyənləşdirmək bacarığı formalaşdırılmalıdır.
Altıncı, soydaşlarımız yaşayan bütün bölgələrdə dini və milli maarifçilik qarşıdurma üzərində deyil, ortaq tarix, dil, mədəniyyət və hüquqlar üzərində qurulmalıdır.
NƏTİCƏ
GECİKMİŞ STRATEJİ DÜŞÜNCƏNİN BƏDƏLİ!
Bu gün qarşımızda duran əsas məsələ İranın şiə dövlətinin olması deyil. Əsas məsələ dini ideologiyanın regional siyasi təsir vasitəsinə çevrilməsi, bunun milli kimlik və dövlət suverenliyi ilə toqquşması ehtimalıdır. İranın farsmərkəzçi dövlətçilik siyasətinə dair tənqidlərimiz də məhz bu müstəvidə qiymətləndirilməlidir.
Bir daha qeyd etmək istəyirəm: bizim şiə inanclı soydaşlarımızla heç bir problemimiz yoxdur. Onların dini etiqadına hörmət etmək hər birimizin borcudur. Problem dini inancdan siyasi sədaqət mexanizmi yaratmaq cəhdidir.
Bizim mübarizəmiz dinlə deyil, dini siyasi manipulyasiya vasitəsinə çevirən yanaşma ilədir. Fars xalqı ilə deyil, milli bərabərliyi məhdudlaşdıran farsmərkəzçi dövlətçilik siyasəti ilədir.
Ən böyük strateji səhvimiz isə illər əvvəl gördüyümüz təhlükələrə qarşı vaxtında adekvat milli, elmi və institusional siyasət formalaşdıra bilməməyimizdir.
Bu gün Borçalıda müzakirə olunan məsələlərə yalnız cari hadisə kimi baxmaq olmaz. Onlar bizə bir daha göstərir ki, milli təhlükəsizlik yalnız sərhədlərin qorunmasından ibarət deyil. Milli təhlükəsizlik həm də milli kimliyin, ana dilinin, tarixi yaddaşın, ictimai şüurun və dövlətə vətəndaş bağlılığının qorunmasıdır.
Dövlətlər yalnız hərbi güclə deyil, güclü institutları, elmi təhlili, milli özünüdərki və uzaqgörən siyasəti ilə də qorunur.
Biz artıq başqalarının ideoloji və geosiyasi gündəliyinin arxasınca getməməliyik. Öz gündəliyimizi, öz milli strategiyamızı və öz intellektual təsir imkanlarımızı formalaşdırmalıyıq.
Çünki illər öncə gördüyümüz təhlükələri bu gün yalnız müzakirə etməklə kifayətlənmək olmaz. Əsas məsələ sabahın təhlükələrini bu gündən görmək və onların qarşısını hüquqi, siyasi, elmi və institusional vasitələrlə almaqdır.
MƏSƏLƏNİN MAHİYYƏTİ BUDUR: DİNİ KİMLİYİMİZƏ HÖRMƏT, MİLLİ KİMLİYİMİZƏ SAHİBLİK, DÖVLƏT SUVERENLİYİMİZƏ SƏDAQƏT!
Səftər Rəhimli, hüquq elmləri doktoru