Xəbər axtarın

Son axtarış nəticələri:

Dövləti dini mənsubiyyət deyil, milli dövlətçilik şüuru yaşadır  

05.08.2026 16:00

Dövləti dini mənsubiyyət deyil, milli dövlətçilik şüuru yaşadır  
Müasir beynəlxalq hüquq və milli təhlükəsizlik nəzəriyyəsi artıq çoxdan qəbul etmişdir ki, dövlətlər yalnız hərbi müdaxilə nəticəsində zəifləmirlər. XXI əsrdə dövlətlərin daxildən zəiflədilməsi daha çox ideoloji, dini, informasiya və mədəni təsir vasitələri ilə həyata keçirilir. Hibrid təsir adlandırılan bu yanaşmanın məqsədi cəmiyyət daxilində ortaq kimliyi zəiflətmək və vətəndaşları müxtəlif ideoloji mərkəzlər ətrafında parçalamaqdır.

Bu baxımdan Azərbaycanın ən böyük üstünlüyü, Konstitusiyasında təsbit olunmuş dünyəvi dövlət modeli və müxtəlif dini inancların uzun illər ərzində dinc yanaşı yaşamaq mədəniyyətidir. Dünyəvilik dinə qarşı siyasət deyil. Dünyəvilik dövlətin bütün inanclara bərabər məsafədə dayanmasını təmin edən hüquqi prinsipdir. Məhz bu prinsip hər bir vətəndaşın vicdan azadlığını qoruyur və dövlətin hər hansı dini və ya məzhəbi rəqabətin tərəfinə çevrilməsinin qarşısını alır.

Tarix göstərir ki, dövlət özünü məzhəblər arasında hakim deyil, qanun qarşısında bərabərliyin təminatçısı kimi təqdim etdikdə həm sabitlik, həm də ictimai etimad güclənir.

Dövlətin ən böyük sərmayəsi etimaddır

Hüquq nəzəriyyəsində legitimlik anlayışı yalnız hüquqi səlahiyyət demək deyil. Maks Veberdən başlayaraq müasir dövlətçilik nəzəriyyəsinə qədər qəbul olunan əsas fikir ondan ibarətdir ki, dövlətin gücü ilk növbədə cəmiyyətin ona olan etimadı ilə ölçülür. Bu etimad isə inzibati göstərişlə yaranmır. İnsanlar mənəvi nüfuz sahibi olan, yüksək intellekti, şəxsiyyəti, əxlaqı, təvazökarlığı və dövlətə sədaqəti ilə seçilən insanlara inanırlar.

Mən hesab edirəm ki, dini sahədə dövlət siyasətinin əsas istiqamətlərindən biri də məhz belə şəxsiyyətlərin formalaşdırılması və ictimai həyata cəlb edilməsidir. Dini institutların gücü inzibati resursdan deyil, cəmiyyətin hörmətindən qaynaqlanmalıdır. Əgər insanlar dövlətin dini sahədə səmimi, qərəzsiz və peşəkar mövqe tutduğunu hiss etsələr, xaricdən gələn istənilən ideoloji təsirin cəmiyyətə nüfuz etməsi xeyli çətinləşər. Milli təhlükəsizlik yalnız xüsusi xidmət orqanlarının işi deyil. Milli təhlükəsizlik dövlətlə vətəndaş arasında qarşılıqlı etimadın səviyyəsidir.

Tarix bizi ayırmamalı, birləşdirməlidir

Son dövrlər sosial şəbəkələrdə Şah İsmayıl Xətai haqqında son dərəcə kəskin və emosional müzakirələr aparılır. Bir tərəf onu ideallaşdırmağa çalışır, digər tərəf isə yalnız dini müstəvidən qiymətləndirərək bütün tarixi fəaliyyətini inkar etməyə meyl göstərir.

Tarixi şəxsiyyətlər yaşadıqları dövrün siyasi, hüquqi və geosiyasi reallıqları fonunda qiymətləndirilməlidirlər. XVI əsrin hadisələrini XXI əsrin dini polemikasının predmetinə çevirmək nə tarix elminə, nə hüquqa, nə də dövlətçilik düşüncəsinə xidmət edir.

Şah İsmayıl Xətai haqqında müxtəlif elmi baxışlar mövcuddur və bu normaldır. Ancaq həmin müzakirələrin bugünkü Azərbaycan cəmiyyətində məzhəb qarşıdurması yaratmaq vasitəsinə çevrilməsi milli maraqlara uyğun deyil. Biz tarixdən mübahisə üçün deyil, nəticə çıxarmaq üçün istifadə etməliyik. Azərbaycanın gələcəyini nə şiəlik, nə sünnilik, nə də hər hansı başqa ideoloji cərəyan müəyyən etməlidir. Azərbaycanın gələcəyini Azərbaycan Respublikasının Konstitusiyası, hüququn aliliyi, dünyəvi dövlət prinsipi, milli həmrəylik, müstəqil və Bütöv Azərbaycançılıq ideyası müəyyən etməlidir. Böyük dövlətlər güclü institutlar, etibarlı qanunlar, vicdan azadlığına hörmət və ortaq milli kimlik üzərində qurulur. Millətlər öz tarixləri ilə fəxr edirlər, lakin tarixlərini bütləşdirmirlər. Şah İsmayıl Xətai Azərbaycan dövlətçilik tarixinin ən böyük simalarından biridir. Onun yaratdığı dövlət, nümayiş etdirdiyi siyasi iradə və mədəni irs yüksək qiymətləndirilməlidir. Eyni zamanda, onun fəaliyyətinin mübahisəli tərəfləri də elmi obyektivliklə araşdırılmalı və tarix nə idealizasiya, nə də demonizasiya edilməlidir. Güclü millətlər keçmişi tənqidi düşüncə ilə öyrənməyi də bacarırlar.

Əgər biz gələcək nəsillərə güclü və dayanıqlı Azərbaycan miras qoymaq istəyiriksə, cəmiyyətdə fərqli baxışlara malik insanların bir-birini alçaldan və ittiham edən ritorikasını deyil, qarşılıqlı hörmətə, elmi müzakirəyə və hüquqi mədəniyyətə əsaslanan dialoq ənənəsini formalaşdırmalıyıq. Eyni zamanda, İslam dininin geosiyasi rəqabətin və ya xarici siyasi təsir mexanizmlərinin alətinə çevrilməsinə imkan verməməli, dövlətin daxili siyasətinin yalnız Azərbaycan xalqının milli maraqları və Konstitusiyası əsasında müəyyənləşdirilməsini təmin etməliyik. Bizi birləşdirən əsas dəyər dini və ya ideoloji mənsubiyyət deyil, Azərbaycan Respublikasının vətəndaşı olmağımız, ortaq tariximiz, Konstitusiyamız və dövlətçilik məsuliyyətimizdir. Çünki dövlət yalnız sərhədlərlə qorunmur. Dövlət ilk növbədə insanların qəlbində, düşüncəsində və ona olan etimadında qorunur.

Qeyd: Güclü dövlət fərqli inancları bir-birinə qarşı deyil, müxtəlifliyi qoruyaraq ortaq vətəndaşlıq kimliyi yaradır. Məhz bu yanaşma XXI əsrdə Azərbaycanın milli təhlükəsizliyinin, ictimai sabitliyinin və dövlətçilik ənənəsinin ən etibarlı təminatıdır.

Səftər Rəhimli, hüquq elmləri doktoru

Paylaş: