
İsveçrə Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi alqışlayır və davamlı sülhün artıq əlçatan olduğuna inanır.
Primeinfo.az xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.
İqnasio Kassis bildirib ki, sülh sazişinin paraflanmasından təxminən bir il sonra tərəflər yekun razılaşmanın imzalanmasına çox yaxınlaşıblar.
“İsveçrə Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunan irəliləyişi alqışlayır. Sülh sazişinin paraflanmasından təxminən bir il sonra davamlı sülh artıq əlçatandır. Biz İsveçrə olaraq bu yolda atılan addımlara kiçik də olsa töhfə verməkdən qürur duyuruq. Azərbaycanlı həmkarımı razılaşmanın imzalanmasına imkan verəcək səyləri davam etdirməyə çağırıram. Bu hər iki ölkənin xalqları və bütövlükdə region üçün barışıq və sabitliyə aparan mühüm addım olacaq”, – deyə o vurğulayıb.
Nazir qeyd edib ki, İsveçrə tərəflərin müraciəti olduğu təqdirdə sülh prosesinə bundan sonra da dəstək verməyə hazırdır.
“İsveçrə ehtiyac yarandığı və tərəflər bunu istədiyi halda prosesi dəstəkləməyə hazırdır. Ölkəmizin Cənubi Qafqazda etimad quruculuğu sahəsində uzun illərə söykənən təcrübəsi var və biz bundan sonra da bu istiqamətdə töhfə verməyə hazırıq”, – deyə İqnasio Kassis əlavə edib.