
Rusiya Prezidenti Vladimir Putin xaricdə gizlənən cinayətkarlar və “xarici agent” kimi tanınan şəxslərlə bağlı məhdudiyyətləri nəzərdə tutan qanunlar paketini imzalayıb.
Primeinfo.az xəbər verir ki, yeni qanunlara əsasən, həmin şəxslərin fərdi sahibkar və ya özünüməşğul şəxs kimi qeydiyyatdan keçməsi qadağan edilir.
Bundan başqa, onların daşınmaz əmlakın kadastr qeydiyyatı üçün müraciətləri geri qaytarılacaq, sürücülük hüquqları məhdudlaşdırılacaq, nəqliyyat vasitələrini qeydiyyata almasına və etibarnamə əsasında əqdlər bağlamasına icazə verilməyəcək.
Qanun paketinə əsasən, bu şəxslərlə kredit müqaviləsi bağlanmasından imtina ediləcək, onlara dövlət və bələdiyyə xidmətlərinin onlayn göstərilməsi məhdudlaşdırılacaq. Banklara isə həmin şəxslərə pul köçürmələri üçün internet saytı və mobil tətbiq üzərindən çıxış vermək qadağan olunacaq.
Eyni zamanda onların pul vəsaitləri və digər əmlakı dondurula, elektron imzadan istifadəsi məhdudlaşdırıla, bəzi konsulluq və notariat xidmətlərindən yararlanmasına da icazə verilməyə bilər.