Xəbər axtarın

Son axtarış nəticələri:

Bu gün Hərbi Dəniz Qüvvələri Günüdür

05.08.2026 10:00

Bu gün Hərbi Dəniz Qüvvələri Günüdür

Azərbaycanda hər il avqustun 5-i Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən, Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd edilir.

Primeinfo.az xəbər verir ki, Azərbaycan Hərbi Donanması 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti dövründə yaradılıb.

1919-cu ilin yayında ingilislər Bakını tərk edərkən şəhər limanının idarəçiliyini və hərbi gəmilərin bir hissəsini Azərbaycan hökumətinə təhvil veriblər. Bu gəmilərin əsasında Azərbaycan Xəzər Hərbi Dəniz Donanması təşkil edilib. Azərbaycan hökumətinin bu tədbiri ölkənin dəniz sərhədlərinin qorunmasında mühüm addım olub.

1919-cu ilin sonlarında general İbrahim ağa Usubovun başçılıq etdiyi Azərbaycan hərbi missiyası donanma üçün xaricdən 6 birtoplu qırıcı kater, 12 qırıcı kater, 6 sualtı qayıq, 92 gəmi topu, 10 sahil topu, simsiz teleqraf qurğuları və s. alıb.

Azərbaycan Hökuməti Rusiya donanmasının admiralı, Şimal qütbünə ekspedisiyanın iştirakçısı, türk əsilli İslamovu milli donanmanın yaradılması işinə kömək göstərmək üçün 1919-cu ilin yayında Azərbaycana dəvət edib. “Astrabad”, “Qars” və “Ərdəhan” hərb gəmilərinin komandirliyi azərbaycanlı kapitanlara tapşırılıb.

Hərbi donanmanın maddi-texniki bazasının və kadr təminatının gücləndirilməsi planları aprel işğalı nəticəsində həyata keçirilməmiş qalıb. Az sonra bolşeviklərin gəlişi ilə Azərbaycan hərbi donanması ləğv olunub.

SSRİ dağıldıqdan sonra Azərbaycanda da hərbi-dəniz donanmasının təşkilinə şərait yaranıb.

1992-ci il aprelin 7-də Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradılıb. Xəzər Hərbi Dəniz Donanmasının 25 %-i və Ali Hərbi Dənizçilik Məktəbi Azərbaycan Respublikasının ixtiyarına verilib.

1992-ci il iyunun 26-da “Bakılı” keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb.

Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılıb.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının və Şuşa şəhərinin azad olunmasında fəal iştirak etdilər.

2020-ci il oktyabrın 25-də Qubadlının azad edilməsi barədə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə videogörüntü ilə məruzə edən Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının komandiri idi.

Vətən müharibəsi zamanı Hərbi Dəniz Qüvvələrinin 9 hərbi qulluqçusu şəhid olub, 50 nəfər isə yaralanıb. Prezidentin müvafiq sərəncamları ilə şəhid kiçik miçman Fəqan Amil oğlu Zalova ölümündən sonra, daha 2 hərbi qulluqçuya isə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Digər hərbi qulluqçular müxtəlif orden və medallarla təltif olunublar.

Paylaş: