Xəbər axtarın

Son axtarış nəticələri:

Hüquq və vicdan öz kefinə olmur - TƏHLİL

10.10.2026 12:27

Hüquq və vicdan öz kefinə olmur - TƏHLİL

Son dövrlər ictimai-siyasi müstəvidə bəzi şəxslərin İsrail-Fələstin konfliktinə birtərəfli, tarixi və hüquqi kontekstdən uzaq yanaşmasını görmək təəssüf doğurur.

Hüquq və vicdan öz kefinə olmur. Əgər bir insan öz ölkəsi üçün beynəlxalq hüququ, BMT qətnamələrini və ərazi bütövlüyünü tələb edirsə, başqa bir xalqın eyni hüquqlarını görməzdən gəlməsi məntiqi və mənəvi ziddiyyət yaradır.

1947-ci ildə BMT Böyük Britaniyanın mandatı altında olan tarixi Fələstin torpağını, təxminən 26,320 kv.km-i iki dövlət arasında bölməyi təklif etdi:

Fələstin Ərəb Dövlətinə ayrılan pay:

Ərazinin 11500 kv.km-i – təxminən 43%-i .

​İsrail Dövlətinə ayrılan pay:

Ərazinin 14800 kv.km-i – təxminən 56%-i .

1948-ci il Birinci Ərəb-İsrail müharibəsi nəticəsində İsrail BMT-nin Fələstin dövləti üçün ayırdığı ərazilərin böyük hissəsini ələ keçirdi. Müharibədən sonra Fələstin ərəblərin nəzarətində BMT-nin onlara ayırdığı 11,500 kv.km ərazidən cəmi 6,220 kv.km torpaq qaldı (tarixi Fələstinin 22%-i).

1967-ci il altı günlük müharibədə İsrail bu əraziləri tam işğal etdi.

Hüquq və vicdan öz kefinə olmur - TƏHLİL
​Hazırda beynəlxalq hüququn tanıdığı Fələstin dövlətinin ərazisi (İordan çayının Qərb sahili, Şərqi Qüds və Qəzza) 100%-i İsrailin işğalı, ilhaqı, hərbi nəzarəti və ya blokadası altındadır.

İşğal altında olan Fələstin isə İsrail və yandaşlarının bütün qəddarlıqlarına və beynəlxalq hüquqa zidd əməllərinə baxmayaraq, işğala qarşı dirənir, təslim olmur. Necə ki, bütün böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycan 30 il ərzində öz torpaqlarının işğal faktı ilə barışmadı.

Hüquq və vicdan öz kefinə olmur - TƏHLİL

​Yalnız 2023-cü il oktyabrın 7-dən bu günə qədər İsrailin davam edən hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 75 minə yaxın fələstinli öldürülüb.

Dağıntılar altında qalan və cəsədi tapılmayan minlərlə insan bu rəqəmə daxil deyil.

Həlak olanların yarıdan çoxunu qadınlar və uşaqlar təşkil edir.

Yaralananların ümumi sayı 175 mindən çoxdur.

Qəzzadakı yaşayış binalarının və mülki infrastrukturun (su, elektrik, kanalizasiya, yollar) 70%-dən çoxu tamamilə və ya qismən yararsız hala düşüb.

​Qəzza zolağına dəyən ümumi maddi və iqtisadi zərər 58 milyard dollar təşkil edir.

Beynəlxalq təşkilatların hesablamalarına görə, Qəzzanın tam bərpası və yenidən qurulması üçün 71.5 milyard dollar vəsait lazım olacaq.

Hüquq və vicdan öz kefinə olmur - TƏHLİL

​Netanyahu hökumətinin apardığı bu qaydasız savaş bir çox Avropa dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən də dövlət cinayəti və soyqırımı kimi kəskin tənqid edilib.

Beynəlxalq Cəza Məhkəməsi (BCM) 2024-cü ildə Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs qətimkan tədbiri (həbs orderi) çıxarıb. Məhkəmə bildirib ki, Netanyahu və Qallantın Qəzzada mülki əhalini ac saxlayaraq bundan müharibə üsulu kimi istifadə etmək, mülki əhaliyə qarşı qəsdən hücumlar təşkil etmək, qətliam və insanlıq əleyhinə cinayətlər törətdiyinə dair kifayət qədər əsaslı şübhələr mövcuddur.

Məhkəməyə üzv olan (Roma Əsasnaməsini imzalayan və təsdiqləyən) 124 ölkə Netanyahunu öz ərazilərinə qədəm qoyduğu təqdirdə həbs edərək BCM-ə təhvil verməyə hüquqi olaraq borcludur. Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və Niderland kimi ölkələr beynəlxalq hüquqa və BCM-in qərarlarına hörmətlə yanaşdıqlarını və öz öhdəliklərinə əməl edəcəklərini bəyan ediblər.

Beynəlxalq Ədalət Məhkəməsi İsrailə qarşı “Soyqırımının qarşısının alınması üzrə Müvəqqəti Tədbirlər” haqqında qərar qəbul edib. Məhkəmə İsraildən mülki şəxslərə qarşı soyqırımı xarakterli əməllərin qarşısını almağı və humanitar yardımın Qəzzaya maneəsiz daxil olmasını təmin etməyi tələb edib.

İnsan Hüquqları Təşkilatları (Amnesty International, Human Rights Watch) çıxardıqları hesabatlarda İsrailin addımlarını “müharibə cinayətləri” və “kollektiv cəzalandırma” adlandırıb, mülki şəxslərin qəsdən hədəf alındığını və bunun beynəlxalq məhkəmələr qarşısında hesab verməli olduğunu bəyan ediblər.

İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası hücumları “qətliam və müharibə cinayəti” adlandıraraq İsrailə qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasını, silah embarqosu qoyulmasını və BMT Təhlükəsizlik Şurasının məcburi atəşkəs qərarı çıxarmasını tələb edib.

BMT Baş Katibi Antonio Quterreş Qəzzadakı mülki tələfatı “məqsədəuyğun olmayan” və “humanitar fəlakət” adlandırıb. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İsrailin hücumlarında mülki infrastrukturun, məktəblərin, xəstəxanaların və sığınacaqların hədəf alınmasını beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyalarının kobud pozulması kimi qiymətləndirib.

Hüquq və vicdan öz kefinə olmur - TƏHLİL
​Mütərəqqi yəhudi ictimaiyyətinin üzvləri də Netanyahu hökumətinin qəddar siyasətinə qarşı davamlı etirazlarını bildirməkdədirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Fələstin məsələsi ilə bağlı rəsmi çıxışlarında və bəyanatlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan Fələstin Dövlətinin müstəqilliyini və mövcudluğunu tam şəkildə dəstəkləyir. Rəsmi Azərbaycan həmişə Fələstindəki humanitar böhranı pisləyib, Fələstin xalqına humanitar yardımlar göstərib və beynəlxalq platformalarda (İƏT və Qoşulmama Hərəkatı daxil olmaqla) Fələstinin suverenliyinə dəstək ifadə edib.

​Qüds — Müqəddəs şəhər

​Qüdsün (Yerusəlim) üç ibrahimi dinin — İslam, Xristianlıq və Yəhudiliyin hər biri üçün dini, tarixi və mənəvi əhəmiyyəti nədir? Bu şəhər hər üç inancın müqəddəs kitablarında və peyğəmbərlik tarixində mərkəzi rol oynayıb.

İslam aləmində Qüds Məkkə (Məscidül-Həram) və Mədinədən (Məscidün-Nəbəvi) sonra üçüncü müqəddəs şəhər hesab olunur. Müsəlmanlar Məhəmməd peyğəmbərin dövründə, Mədinəyə hicrətdən sonra qiblə Məkkədəki Kəbəyə yönəldilənə qədər təxminən 16-17 ay boyunca namazlarını Qüdsə (Əl-Əqsa məscidinə) tərəf qılıblar. Qurani-Kərimdə “Əl-İsra” surəsində qeyd edildiyi kimi, Məhəmməd peyğəmbərin gecə yürüşü (İsra) Məkkədən Qüdsdəki Əl-Əqsa məscidinə olmuş, oradan isə göyə — Meraca yüksəlmişdir. Məscidül-Əqsa kompleksi və onun içərisində yerləşən, peyğəmbərin göyə yüksəldiyi qayanın üzərində tikilmiş Qübbətüs-Səxrə (Qızıl qübbəli məscid) İslamın ən önəmli ziyarətgahlarındandır.

​Xristian inancına görə, Qüds İsa Məsihin yer üzündəki missiyasının tamamlandığı mərkəzdir. İncilə əsasən, İsa Məsih həyatının son günlərini Qüdsdə keçirmiş, şəhərə daxil olmuş, “Son şam yeməyi”ni burada təşkil etmişdir. İsa Məsihin həbs olunması, çarmıxa çəkilməsi (Qolqofa təpəsində) və xristian əqidəsinə görə ölümündən sonra dirilməsi məhz Qüdsdə baş vermişdir. Şəhərdəki Müqəddəs Qəbir Məbədi xristian dünyasının ən müqəddəs ziyarətgahıdır. Bundan əlavə, İsa Məsihin çarmıxa aparıldığı Via Dolorosa (“Əzab Yolu”) və Zeytun dağı xristian zəvvarlar üçün böyük mənəvi dəyər daşıyır.

​Yəhudilikdə Qüds dinin və milli kimliyin mərkəzində dayanır. 3000 ildən çoxdur ki, yəhudilərin mənəvi paytaxtı sayılır. Yəhudi inancına görə, Davud peyğəmbər Qüdsü krallığın paytaxtı etmiş, oğlu Süleyman peyğəmbər isə burada yəhudiliyin ən müqəddəs ibadətgahı olan Birinci Məbədi tikdirmişdir. Məbəd dağı dünyada yəhudilər üçün ən müqəddəs yerdir. Qədim dövrdə yəhudilərin ən müqəddəs əşyası olan və On Əmr daş lövhələrini saxlayan “Əhd sandığı” məhz bu məbəddə yerləşirdi. İkinci məbədin b.e. 70-ci ilində romalılar tərəfindən dağıdılmasından geriyə qalan qərb divarı — “Ağlama divarı” bu gün yəhudilərin dua etdiyi ən müqəddəs məkandır. Yəhudilər harada olmasından asılı olmayaraq, dualarını Qüdsə tərəf edirlər.

Bütün bu müqəddəs yerlər Qüdsün cəmi bir kvadratkilometrə yaxın olan tarixi Köhnə şəhər hissəsində bir-birinə çox yaxın məsafədə yerləşir. Eyni kiçik ərazinin hər üç din üçün əvəzolunmaz mənəvi dəyər daşıması Qüdsü bəşəriyyət tarixinin ən unikal və eyni zamanda, ən həssas şəhərinə çevirmişdir.

​Xüsusi qeyd: Yəhudi sürgünləri

​E.ə. 586-cı il: Babil kralı II Nəbukadnezar Qüdsü tutdu, Süleyman Məbədini (Birinci Məbəd) dağıtdı və yəhudilərin böyük hissəsini Babilə sürgün etdi.

Yalnız e.ə. 538-ci ildə Əhəməni şahı Böyük Kir Babil imperiyasını məğlub etdikdən sonra yəhudilərə Qüdsə qayıtmağa və İkinci Məbədi tikməyə icazə verdi.

B.e. 70-ci il: Birinci Yəhudi-Roma müharibəsi zamanı Roma sərkərdəsi Titus Qüdsü mühasirəyə alaraq İkinci Məbədi yandırdı. Yüz minlərlə yəhudi öldürüldü və ya qul kimi imperiyanın müxtəlif yerlərinə qovuldu.

B.e. 135-ci il: Bar-Koxba üsyanı yatırıldıqdan sonra Roma imperatoru Adrian yəhudilərin Qüdsə daxil olmasını tamamilə qadağan etdi. Şəhərin adı dəyişdirilərək Aelia Capitolina qoyuldu və region Fələstin adlandırıldı.

Yalnız 638-ci ildə Xəlifə Ömər ibn əl-Xəttab Qüdsü fəth etdikdən sonra Bizansın qoyduğu qadağanı ləğv etdi və yəhudi ailələrinin yenidən şəhərdə məskən salmasına icazə verdi.

1099-cu il: Birinci Səlib yürüşü zamanı səlibçilər Qüdsü ələ keçirərkən şəhərdəki yəhudi və müsəlman əhalini kütləvi şəkildə qətlə yetirdilər və sağ qalan yəhudilərin şəhərdə yaşamasını tamamilə qadağan etdilər. Yalnız 1187-ci ildə Səlahəddin Eyyubi Qüdsü səlibçilərdən azad etdikdən sonra yəhudilərin şəhərə qayıtmasına və yaşamasına yenidən şərait yaratdı.

Hüquq və vicdan öz kefinə olmur - TƏHLİL
​XIX əsrin ortalarından, 1840–1870-ci illərindən etibarən Osmanlı idarəçiliyi dövründə immiqrasiya hesabına yəhudilər yenidən Qüds əhalisinin əksəriyyətini təşkil etməyə başladılar.

Bu köçlər kortəbii deyil, Avropada artan antisemitizm (yəhudi düşmənçiliyi), qətliamlar və Siyonizm hərəkatının təşkilatlanması nəticəsində dalğalar şəklində baş verib. Almaniyada Adolf Hitlerin və Nazi Partiyasının hakimiyyətə gəlməsi (1933) və Avropada antisemitizmin pik həddə çatması yəhudi köçlərinin daha geniş vüsət almasına səbəb oldu. II Dünya Müharibəsi və Holokost dövründə, eləcə də müharibədən dərhal sonra Avropadan qaçan yüz minlərlə yəhudi gizli gəmilərlə, Britaniya blokadasını yararaq Fələstinə daxil olmağa çalışırdı. Bu gizli miqrasiya şəbəkəsi 1948-ci ildə İsrail dövləti elan edilənədək davam etdi.

Tarix boyu Avropanın Səlibçi soyqırımlarından və sürgünlərindən yəhudiləri müsəlmanlar qoruyublar və Qüdsdə yaşamalarına icazə veriblər. Əvəzi isə göründüyü kimi çox ağır olub.

​Bu yazı bir az geniş alındı. Olsun.

Roma Papasından daha çox katolik olmağı qarşılarına məqsəd qoyan Azərbaycanın bir qrup “İsrail sevdalısı” ictimai-siyasi fəalının həqiqətləri görməzdən gəlmələri, məlumatsız insanları bilərəkdən yanlış yönə yönləndirmək cəhdləri insanı heyrətə gətirir. Deyiləcək söz tapmaqda da çətinlik çəkirsən.

Din və imanınız yoxdursa, təəssübkeşliyiniz olsun. Təəssübkeşliyiniz yoxdursa, vicdanınız olsun. Vicdanınız yoxdursa, beynəlxalq hüquqa hörmətiniz olsun. Beynəlxalq hüquqa hörmətiniz yoxdursa, Azərbaycanın rəsmi mövqeyinə hörmətiniz olsun!

Şahin Nəcəf, jurnalist

Paylaş: