
Bizə rəqib ola biləcək toplumlara baxıram, qayğıları gələcəklə bağlıdır. Çağla ayaqlaşan təhsil, əhalinin sağlamlığı, yeni texnolojilərə çatımlılıq, ordu quruculuğu, bunları gerçəkləşdirmək üçün iqtisadi yüksəliş hayındadırlar. Özümüzə baxıram…, tarixin bu an üçün ən gərəksiz qatlarında eşələnirik. Daha dəqiqi eşələndirilirik… Bu o qədər bilincli şəkildə, o qədər dəqiq qrafik üzrə baş verdirilir ki, ağlı başında insanlarımızın çoxu plana qarşı çıxmaq yerinə bu dalğaya qoşulur.
Gözünün qabağında Bakı boyda abidə – millətin yeri doldurulmayacaq tarixi mirası məhv edilən insanlar Şah İsmayılın Vatikan agenti olub-olmamasını “araşdırır”, 3 dəqiqə mübahisəyə dözməyəcək ağılları ilə məzhəb və təriqət mövzularına dalırlar.
“Vsyo”, “okeydir”, tamamdır, həqiqəti tapıblar… Şah İsmayıl Xətai ana tərəfdən Vatikana bağlıdır, “inoagentdir”, şiəliyi türk dünyasını bölmək üçün düşünüb ona icra elətdiriblər, onun sayəsində türklük parçalanıb. Gör hardan vururlar… Tanımayan Şah İsmayıl məsələsini ortaya atıb illərlə yaxa yırtanların türklük, Türkiyə sevdalısı olduğunu düşünər… Əslində dərdləri türklüyü yenə məzhəblərdə bölməkdir.
5-6 yüz il öncə Osmanlısının bugünkü Türkiyə Cümhuriyyəti ilə çox demərəm, 4 fərqini saya bilməyənlərdən “ordu” qurub artıq çoxdan yaşanmışlarla günümüzü məşğul edirlər. İnsafən içərilərində “dərin savad” sahibləri də var. Obyektivlik üçün “Möhtəşəm yüzil”dən öyrəndiklərini səsləndirirlər, məsələn deyirlər ki, Osmanlı padşahlarının anaları da xristian olub. Amma onlar Vatikan agenti olmayıblar. Qəti… Elə-belə boyunlarıda xaç gəzdiriblər, sonra padşah öz əllərilə onlara firuzədən damla üzük düzəldib verən kimi xaçı çıxarıb atıblar, olublar qatı müsəlman. Amma bu Səfəvi var aaa, bölüb e türk dünyasını. Parça-parça edib, əhli-beyt adına kəsmədikləri baş qalmayıb…
“Millət” burada ikinci günəbaxan tumu paketi açır, pəncərəsindən şəhərinin, paytaxtının, tarix mirasının necə məhv edildiyini görməzdən gəlir, Şah İsmayıl şiəliyi gətirməsəydi, indi Azərbaycan da Türkiyə olardı, biz də NATO ölkəsi olardıq, tibbi sığorta da yaxşı işləyərdi, mərcimək şorbası ilə “kuru fasulya” yeyib xoşbaxtlığın qafiyəsini tapardıq, hələ CHP-yə üzv də olardıq düşüncəsinə qapılır.
Bakı bu gün ekskavatorla kosmopolit, multikultural obraza salınsa da türklük və şiəliyin vəhdətinin şəhəridir. Hər sökülən imarəti, hər dağıdılan məhəlləsi o tariximizin mirasıdır. Bakının sehri bu vəhdətdədir. Məscidinin, qalasının, təkkəsinin, imarətinin, hamamının üzərindəki “bismillahir-rəhmanir-rəhim”lə başlayıb Məhəmməd Peyğəmbərə (s), əhli-beytə salamla davam edən yazılardır o vəhdətin sübutu. Bunlardır Bakını özəl edən, fərqləndirən.
Miras bilirsiz nədir? Bilirsiz necə qorunur? Keçmişini qandı-qanmadı, sürüyə qoşulub pisləməklə olmur bunlar. Hər yerə döşənən daşını, bir-birini təkrarlayan minlərlə kilsəsini, zadəgan evindən çayqırağı balıqçı məhəlləsinə qədər hər tikilisini əzizləyən avropalıların etdiyi kimi olur. Minillik məbədlərində bir toteminin lələyindəki nişanı gözünün bəbəyi kimi qoruyan çinlilərdəki kimi olur.
Bakını sökərkən – minillik mirası məhv edərkən toplumun səssiz, seyrçi, laqeyd qalması üçün gərəkdir tarixin gözdən salınması. Köhnə hər şey pisdir alqısı yaratmağın, tarixi şüurdan silib milləti kökündən qoparıb havada qoymağın yolu budur.
Keçmişi baba yadigarı kimi əzizləməyi, yaxşı tərəflərini görməyi öyrədənlərin sözü dinlənməli. Əksi düşmən işidir.
Yumun gözünüzü, bir Bakını düşünün… İçəri, bayır şəhərləri göstərdi beyniniz, ya “Azərsun”un binasını?
Hə, o beyninizin göstərdiyini sökürlər…
Aygün Muradxanlı, baş redaktor