Xəbər axtarın

Son axtarış nəticələri:

Prime TV - 6

20.09.2026 14:05

Prime TV - 6

Məşhur bir deyim var – jurnalist hadisədən 10 dəqiqə öncə olay yerində olmalıdır. Biz çağdaş tariximizin ən möhtəşəm hadisəsindən – millət və dövlət olaraq qəddimizi dikəldən, bizi zəfərə aparan 44 günlük savaşın başlamasından düz 1 həftə öncə, 20 sentyabrda ilk yayımımızı etdik.

2020-ci ildə 20 sentyabr hələ regionun geopolitik mənzərəsini dəyişən Əsrin Müqaviləsinin ildönümü günü idi. Test yayımımız üçün 15 sentyabrı – Bakının türk gücü ilə bolşevik-daşnak işğalından qurtuluşunun ildönümü tarixini, ilk yayımımız üçün 20 sentyabrı – dövlət müstəqilliyimizi möhkəmləndirən, Azərbaycanı dünyanın siyasi müstəvisində ciddi rol sahibi edən günü bilincli şəkildə seçmişdik.

27 sentyabrda – savaş başlanan gün isə Şahin Nəcəflə Gorsnboyda Talış kəndindəydik. Hüzr mərasiminə getmək üçün yola çıxıb savaşın 1 addımlığına gəlmişdik. Səhər 6-da Gülüstan tərəfdən üzü Murova atılan topların səsi əks-sədası ilə kəndi titrədirdi… O gün çəkdiyimiz görüntülər indi arxivimizin ən qiymətli materiallarıdır…

Prime TV bir savaşın içərisində doğuldu.

“Silahımız söz, məqsədimiz Turan” deyib biz də bütöv Azərbaycan boyda ordunun içərisində yerimizi tutduq. Dövlətimiz, Vətənimiz, millətimiz uğrunda ləyaqətlə savaşanların sözçüsü olduq.

6 ilin tamamında yalnız YouTube platformasında 170 mindən artıq abunəçimiz, aylıq 7 milyonu ötən baxış sayımız, Primeinfo.az saytımız, bütün sosial şəbəkə platformalarında kəsintisiz işimizlə millətimizin xidmətində olmanın qürurunu, həm də sevincini yaşayırıq. Buna görə öncə bizə inananlara, sözümüzə dəyər verən seyrçilərimizə minnətdarıq.

20 sentyabr 2020-ci ilə qədər regionun geopolitik mənzərəsini iqtisadi ağırlıqla dəyişən prosesin tarixi idisə, 2023-cü ildən şanlı Ordumuzun suverenliyimizi bərpa etdiyi gün kimi təqvimimizə yazılıb. Özgür olmanın, torpağına, taleyinə sahiblik etməyin sözəgəlməz qürurunu, misilsiz sevincini yaşadığınız gündür 20 sentyabr.

Hər yaş bir hesabat dönəmidir. Görüləcək işimiz çoxdur… Azərbaycan Respublikasının aid olduğu ailənin – TÜRK BİRLİYİnin gücünə güc qatması, yeni dünya düzənində TÜRK QÜTBÜnün formalaşması çağımızın milli çağırışlarıdır. Bu yolu gedənlərin hər birinə uğurlar arzulayıram. Prime Media Group ailəsinə də…

Aygün Muradxanlı, baş redaktor

Paylaş: