
Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz və Qara Dəniz Əməkdaşlığı Departamentinin direktoru Niklas Vaqner Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla sülhün irəlilədilməsindəki rolunu xüsusi vurğulayıb.
Primeinfo.az xəbər verir ki, almaniyalı diplomat bu barədə rəsmi bəyanatla çıxış edib.
Niklas Vaqner bildirib: “Bugün Nikol Paşinyana Gessen sülh mükafatının təqdim edilməsi Ermənistan və Azərbaycan arasında gedən sülh prosesinin mühüm etirafıdır. Prezident Əliyevin iştirakı və rolu da əldə olunmuş bu tərəqqi üçün eyni dərəcədə əhəmiyyətli və vacib idi. Almaniya və Avropa İttifaqı Cənubi Qafqazda sülhü və sabitliyi dəstəkləməyə davam edir”.
Qeyd edək ki, Almaniyanın Gessen torpağında təşkil olunan mükafatlandırma mərasimində Ermənistan Baş naziri Nikol Paşinyan da çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin bu mükafata eyni dərəcədə layiq olduğunu və sülhün bərqərar olunmasında tarixi rol oynadığını bildirmişdi.