Xəbər axtarın

Son axtarış nəticələri:

Moskvaya kütləvi PUA hücumu olub, 2 nəfər ölüb

20.09.2026 11:45

Moskvaya kütləvi PUA hücumu olub, 2 nəfər ölüb

Sentyabrın 20-nə keçən gecə Moskva və Moskva vilayəti kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Primeinfo.az xəbər verir ki, Moskva meri Sergey Sobyanin bildirib ki, hava hücumundan müdafiə qüvvələri Ukrayna Ordusunun Moskvaya ən kütləvi PUA hücumunu dəf edib, dünəndən etibarən bütün istiqamətlərdə 1,6 mindən çox PUA zərərsizləşdirilib.

Moskva vilayətində PUA hücumu nəticəsində iki nəfər – Orexovo-Zuyevoda yaşlı kişi və Sofyinoda bir qadın ölüb. Daha beş nəfər xəsarət alıb, onların arasında iki uşaq da var. Uşaqlar xəstəxanaya yerləşdirilib və onlara bütün zəruri tibbi yardım göstərilir. Həmçinin Leninski şəhər dairəsində bir nəfərin xəsarət aldığı məlum olub.

Moskvada Moskva Neft Emalı Zavodunun ərazisində bir obyektə ziyan dəyib. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.

Ramenskoyedə PUA-nın düşməsi nəticəsində 21 mərtəbəli binanın dam örtüyü yanıb, 400 nəfər, o cümlədən 70 uşaq təxliyə edilib. 20 avtomobilə ziyan dəyib. Dairə rəhbəri Eduard Malışev həmçinin ticarət mərkəzinə PUA düşdüyünü bildirib.

Sofyinoda hücum nəticəsində anbar kompleksinin ərazisində yanğın baş verib. Yanğının söndürülməsinə səkkiz yanğınsöndürmə briqadası cəlb olunub.

İstrada yaşayış binasına və müəssisə binasına ziyan dəyib.

Paylaş: