Xəbər axtarın

Son axtarış nəticələri:

Tokayev: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"

13.11.2026 22:03

Tokayev: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Samruk-Kazına” və “Qazaxıstan Dəmir Yolları” şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib.

Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb.

Təhlükəsizlik Şurasının operativ iclasında çıxış edən ölkə lideri qeyd edib ki, bu, “Qanun və Qayda” konsepsiyasının qəbulundan və onun prinsiplərinin konstitusiyaya daxil edilməsindən sonra dövlət müəssisələrindəki ilk böyük səs-küylü korrupsiya işidir.

Dövlət rəhbəri vurğulayıb: “Bu, dövlət şirkətlərində kütləvi korrupsiya hallarının mövcudluğuna dair olduqca ciddi bir siqnaldır”.

O, həmçinin bildirib ki, istintaq prosesi yeni başladığı üçün hələlik təfərrüatları açıqlamaq mümkün deyil. “Heç kimə konstitusiyanı pozmağa və bu müqəddəs sənədi, necə deyərlər, ələ salmağa icazə verilmir”, – deyə Tokayev bəyan edib.

Prezident vəzifəli şəxslərlə bağlı korrupsiya barədə daxil olan bütün siqnalların hərtərəfli araşdırılmasını tapşırıb. “Müxtəlif səviyyəli rəhbərlərin korrupsiya hüquqpozmaları ilə bağlı bütün məlumatlar Baş Prokurorluğun iştirakı ilə Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidməti tərəfindən operativ və dərindən yoxlanılacaq”, – deyə prezident əlavə edib.

O, hakimiyyətə yaxın olanlar üçün heç bir istisna olmayacağını diqqətə çatdırıb. Tokayevin sözlərinə görə, 2023-2025-ci illər ərzində 248 milyard tengədən (900 milyon manatdan çox) artıq məbləğdə 3 168 korrupsiya cinayəti aşkar edilib. 2026-cı ilin 10 ayı ərzində isə bu rəqəmə daha 751-i əlavə olunub. Eyni zamanda, Qazaxıstan prezidenti konstitusiyanı pozan bütün əməllərin qarşısının “Qanun və Qayda” prinsipinə uyğun olaraq qətiyyətlə alınacağını bildirib.

Paylaş: