Xəbər axtarın

Son axtarış nəticələri:

Artvindən olan gəlin prezidentliyə namizədliyini irəli sürüb - FOTO

13.11.2026 12:28

Artvindən olan gəlin prezidentliyə namizədliyini irəli sürüb - FOTO
Türkiyənin Artvin vilayətinin Ardanuç rayonundan olan Rafet Köksalın həyat yoldaşı İvanna Köksal noyabrın 15-də keçiriləcək Qaqauziya prezident seçkilərində müstəqil namizəd kimi mübarizə aparacaq.

Primeinfo.az xəbər verir ki, Qaqauziya deputatı olmuş İvanna Köksal prezident postuna iddialıdır.
Türkiyə, Moldova və Qaqauziya münasibətlərinin inkişafında körpü rolunu oynayan İvanna Köksal iki dəfə Moldova, iki dəfə isə Qaqauziya parlamentinin deputatı seçilib. O, bir çox layihənin həyata keçirilməsində mühüm rol oynayıb, bir sıra nüfuzlu mükafatlara layiq görülüb.

Artvindən olan gəlin prezidentliyə namizədliyini irəli sürüb - FOTO

İvanna Köksal eyni zamanda Türkiyə Respublikasının vətəndaşıdır. O, Türkiyə Radio və Televiziya Qurumunun (TRT) nümayəndəsi kimi Qaqauziyaya ezam olunan artvinli Rafet Köksalla ailə qurub. Cütlüyün Ankarada universitet təhsili alan 21 yaşlı qızı var. Rafet Köksal daha sonra öz biznesini qurub.
Siyasətə başlamazdan əvvəl aparıcılıq, baş direktor vəzifələrində çalışan İvanna Köksal Qaqauziya Prezident Administrasiyasının humanitar, sosial və media layihələrinin əlaqələndirilməsi üzrə rəhbəri, eləcə də humanitar yardım sahəsinin idarəçisi olub.

O, Türkiyə-Moldova Dostluq Qrupunun sədrliyini də həyata keçirib.

2025-ci ildə Moldovada keçirilən parlament seçkilərində üzvü olduğu Sosialist Partiyasının İsrail və Rusiyanın dəstəklədiyi ŞOR komandası ilə blok yaratmasına etiraz edən İvanna Köksal namizədliyindən imtina edib.

Artvindən olan gəlin prezidentliyə namizədliyini irəli sürüb - FOTO

“Türkiyə Respublikasının və Moldova vətəndaşıyam. Qaqauz, türk, rus və rumın dillərini bilirəm. 20 il ərzində Qaqauziya ilə Moldova arasında körpü rolunu oynamışam. Moldova dövlət xidmətlərinə görə medalı ilə təltif edilmişəm. Xalq mədəniyyəti, ədəbiyyat və folklor mükafatına layiq görülmüşəm. Türkiyə ilə Qaqauziya arasında ticarət və mədəniyyət sahələrində göstərdiyim xidmətlərə görə də mükafatlar almışam. Televiziya fəaliyyəti dövründə də uğurlarıma görə müxtəlif mükafatlara layiq görülmüşəm”, – deyə o bildirib.

İvanna Köksal Qaqauziyanın ilk rəngli və çoxsəhifəli qəzetini nəşr etdirib. Xalqla daim təmasda olan, onların problemlərinin həlli üçün çalışan Köksal fəaliyyətindən danışarkən bunları bildirib: “Bir çox xəstənin Türkiyədə ödənişsiz müalicə almasını həm müvafiq qurumlar, həm də xeyriyyəçilər vasitəsilə təmin edirəm. Tələbələrin Türkiyədə təqaüdlə təhsil almasına kömək edirəm. Eşitmə və hərəkət məhdudiyyətli şəxslər, eləcə də xəstələr üçün dövlət qurumları və qeyri-hökumət təşkilatlarından əldə etdiyim vasitələrlə minlərlə ehtiyac sahibinə yardım etmişəm.

Artvindən olan gəlin prezidentliyə namizədliyini irəli sürüb - FOTO

Türkiyə, Moldova və Qaqauziya arasında mədəni, iqtisadi və ticarət əlaqələrinin inkişafında körpü rolunu oynamışam. Bu fəaliyyətlər sayəsində Türkiyə ilə Qaqauziya arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Həyata keçirdiyim işlərlə Moldova və Qaqauziyaya dəyərli töhfələr vermişəm. Qaqauz dili lüğətindən 5 min nüsxə çap etdirərək paylamışam. Prezident seçiləcəyim təqdirdə bu xidmətlərimi daha da artıracaq və genişləndirəcəyəm”.

İvanna Köksal prezident seçiləcəyi təqdirdə Moldova ilə Qaqauziya arasında Rusiya və İsrail amili ilə əlaqədar yaranan qarşıdurmaya son qoymağı, Qaqauziyanın muxtariyyətini məhdudlaşdıran tətbiqləri aradan qaldırmağı hədəflədiyini bildirib.

Artvindən olan gəlin prezidentliyə namizədliyini irəli sürüb - FOTO

Qaqauziya haqqında

Qaqauziya (Qaqauz Yeri) Moldovanın cənubunda yerləşən, xüsusi statusa malik muxtar bölgədir. Ərazisi 1 848 kvadratkilometrdir. İnzibati mərkəzi Komrat, digər iki mühüm şəhəri isə Çadır-Lunqa və Vulkanesti şəhərləridir. Bölgə bir-birindən ayrı ərazilərdən ibarətdir.

Bölgə iqtisadiyyatında kənd təsərrüfatı və kənd təsərrüfatına əsaslanan sənaye mühüm yer tutur. Şərabçılıq, taxılçılıq, meyvəçilik və bitki yağlarının istehsalı əsas gəlir mənbələridir. Əhalisi təxminən 129 min nəfərdir.

 

Paylaş: