
Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevork Nersisyan 3 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Primeinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
II Qareginin qardaşı oğlu Hambardzum Nersisyan isə 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin onun cəzasının icrası təxirə salınıb. Məhkəmə Hambardzum Nersisyana sınaq müddəti təyin edib. Bu müddət onun bir yaşlı qızının 6 yaşına çatacağı vaxta qədər davam edəcək.
Prokuror daha əvvəl Gevork Nersisyan üçün 3 il 6 ay, Hambardzum Nersisyan üçün isə 7 il 6 ay həbs cəzası tələb etmişdi.
Gevork Nersisyan və oğlu Hambardzum Nersisyan 2025-ci il noyabrın 3-də həbs olunublar.
İstintaqın məlumatına görə, noyabrın 1-də onlar Vağarşapatın birləşdirilmiş icmasına daxil olan Voskeat kəndində “Respublika” partiyasının nümayəndəsi Arutyun Mkrtçyanla mübahisə ediblər. Həmin vaxt Mkrtçyan seçkiqabağı təşviqat materialları paylayırmış. İstintaq tərəfi Nersisyanların ona qarşı təhqiramiz ifadələr işlətdiyini iddia edib.
Noyabrın 17-də iş məhkəməyə göndərilib. Lakin müdafiə tərəfi mübahisənin ümumiyyətlə baş vermədiyini bildirərək bunu müşahidə kameralarının görüntüləri ilə əsaslandırıb.
2026-cı ilin fevralında təqsirləndirilən şəxslər ev dustaqlığına keçirilib, may ayında isə barələrində inzibati nəzarət tədbiri seçilib.
Qeyd edək ki, katolikosun yaxın qohumlarının həbs edilməsi Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurmanın kəskinləşdiyi dövrə təsadüf edib.