Xəbər axtarın

Son axtarış nəticələri:

Türk Dövlətləri Təşkilatına yeni Baş katib seçildi

30.10.2026 12:18

Türk Dövlətləri Təşkilatına yeni Baş katib seçildi
Türk Dövlətləri Təşkilatının (TDT) yeni Baş katibi müəyyənləşib.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, özbəkistanlı diplomat Mirvahid Əzimov bu vəzifədə qırğızıstanlı diplomat Kubanıçbek Ömüralıyevi əvəz edir.

M.Əzimov bundan əvvəl də təşkilatın rəhbərliyində təmsil olunub. O, TDT Baş katibinin müavini vəzifəsində çalışıb. Təşkilatın rəsmi məlumatında onun üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə, siyasi, iqtisadi, nəqliyyat və mədəni-humanitar sahələrdə birgə təşəbbüslərin inkişafına töhfələri qeyd olunur.

Diplomat 2026-cı il mayın 26-da Özbəkistan Prezidentinin qərarı ilə ölkənin xarici işlər nazirinin müavini təyin olunub. Özbəkistan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu təyinatadək TDT Baş katibinin müavini vəzifəsini tutub.

M.Əzimov Daşkənddə doğulub. Özbəkistan XİN-in “Dunyo” agentliyinin məlumatını yayan “Kun.uz”un yazdığına görə, o, 2003-cü ildə Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsilini tamamlayıb. Hüquq elmləri namizədidir.

Əzimov Özbəkistan Xarici İşlər Nazirliyində, həmçinin Pekində Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyində çalışıb. 2012-ci ildən Özbəkistan XİN-in Müqavilə-hüquq idarəsinə rəhbərlik edib. 2020-ci ildə isə o vaxt Türk Şurası adlanan təşkilatın Baş katibinin müavini vəzifəsinə namizədliyi razılaşdırılıb.

Xatırladaq ki, Kubanıçbek Ömüralıyev 2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilən IX Zirvə görüşündə TDT Baş katibi təyin edilmişdi. O, bundan əvvəl Qırğızıstanın Türkiyə və bir sıra digər ölkələrdə səfiri, MDB yanında daimi nümayəndəsi olub.

Təşkilata daha əvvəl türkiyəli diplomat Halil Akıncı (2010–2014), azərbaycanlı diplomat Ramil Həsən (2014–2018) və qazaxıstanlı diplomat Bağdad Amreyev (2018–2022) rəhbərlik ediblər.

Qeyd edək ki, təşkilat 2009-cu il oktyabrın 3-də Naxçıvan Sazişi əsasında yaradılıb, 2021-ci ildə Türk Dövlətləri Təşkilatı adını alıb. Katibliyi İstanbulda yerləşir.

Paylaş: