Xəbər axtarın

Son axtarış nəticələri:

Trampın Ərdoğana 24 saatda ikinci zəngi - TDT liderlərinə salamın mesajı nə?

30.10.2026 11:22

Trampın Ərdoğana 24 saatda ikinci zəngi - TDT liderlərinə salamın mesajı nə?

ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 24 saat ərzində iki dəfə telefonla zəng etməsi beynəlxalq siyasi gündəmdə xüsusi diqqət çəkib. Xüsusilə ikinci telefon danışığının Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısı ərəfəsində, Ankarada xarici ölkə liderlərinin iştirakı ilə keçirilən rəsmi şam yeməyi zamanı baş tutması bu təmaslara əlavə siyasi məna verib.

Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının məlumatına görə, oktyabrın 29-da baş tutan telefon danışığında Ərdoğan amerikalı həmkarına şam yeməyində iştirak edən liderlərin salamlarını çatdırıb, həmçinin Ankarada keçiriləcək TDT sammiti barədə məlumat verib. Tramp isə Türkiyə liderinə zirvə toplantısında uğurlar arzulayıb. Ərdoğan təşkilatın 200 milyondan artıq əhalini birləşdirdiyini və Mərkəzi Asiyada sabitlik və təhlükəsizliyin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıb.

Trampın Ərdoğana 24 saatda ikinci zəngi - TDT liderlərinə salamın mesajı nə?

Yada salaq ki, oktyabrın 28-də də iki prezident telefonla danışmışdı. Həmin söhbətdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər, Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla dayandırılması, Hörmüz boğazı və Yəməndəki vəziyyət müzakirə olunmuşdu. Beləliklə, Trampın qısa müddət ərzində Ərdoğanla iki dəfə əlaqə saxlaması Vaşinqtonun Ankara ilə siyasi dialoqa verdiyi əhəmiyyəti bir daha nümayiş etdirir.

Ancaq məsələnin daha maraqlı tərəfi ABŞ prezidentinin TDT sammiti ilə bağlı ayrıca telefon təmasıdır.

Məlumdur ki, oktyabrın 29-30-da Ankarada keçirilən TDT-nin 13-cü Zirvə toplantısı təşkilatın inkişafında yeni mərhələ kimi qiymətləndirilə bilər. Sammit «Türk əsri: ortaq dil, düşüncə və fəaliyyət» mövzusu altında təşkil olunur. Gündəlikdə siyasi əməkdaşlıq, ticarət, investisiya, nəqliyyat, enerji, rəqəmsal transformasiya, müdafiə sənayesi və humanitar əlaqələr yer alır. Təşkilatın rəsmi məlumatına görə, sammitdə Ankara Bəyannaməsinin qəbul edilməsi, yeni baş katibin təyin olunması və təşkilatın növbəti dövr üçün strateji prioritetlərinin müəyyənləşdirilməsi gözlənilir. Türkiyə həmçinin sədrliyi Azərbaycandan qəbul edir.

Trampın Ərdoğana 24 saatda ikinci zəngi - TDT liderlərinə salamın mesajı nə?

Bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki TDT artıq yalnız mədəni və tarixi yaxınlıq əsasında fəaliyyət göstərən qurum deyil. Onun gündəliyində iqtisadi inteqrasiya, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və regional siyasi koordinasiya getdikcə daha böyük yer tutur.Məhz bu dəyişiklik təşkilatı ABŞ, Avropa İttifaqı, Çin və Rusiya kimi güc mərkəzlərinin maraq dairəsinə daxil edir. Türk dövlətlərinin Xəzər hövzəsi və Mərkəzi Asiyada yerləşməsi, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat yollarına nəzarət imkanları, enerji və xammal ehtiyatları bu coğrafiyanın strateji əhəmiyyətini artırır.

Nəticə etibarilə, Trampın Ərdoğana 24 saat ərzində iki dəfə zəng etməsi sadəcə diplomatik nəzakət nümunəsi kimi nəzərdən keçirilməməlidir. Türkiyə ABŞ üçün NATO müttəfiqi, Yaxın Şərqdə mühüm siyasi tərəfdaş, Mərkəzi Asiyaya çıxış imkanları yaradan ölkə və Avrasiya nəqliyyat bağlantılarının əsas iştirakçılarından biridir. TDT-nin genişlənən gündəliyi isə bu əhəmiyyəti daha da artırır.

Paylaş: