
Xəbər verdiyimiz kimi, ABŞ-də radar və radio rabitə sistemlərində yaranan texniki nasazlıq səbəbindən ölkə daxilində uçuşlar təxminən 4,5 saat müddətinə dayandırılıb.
Primeinfo.az xəbər verir ki,Federal Aviasiya Administrasiyasının (FAA) uçuş təhlükəsizliyi riskləri səbəbindən verdiyi bu qərardan sonra ölkə üzrə 10 mindən çox reys təxirə salınıb, 1700-dən artıq uçuş isə tamamilə ləğv edilib.
Böhran beynəlxalq reyslərə də təsirsiz ötüşməyib. Belə ki, FAA Avropa hava nəqliyyatının idarə olunması təşkilatı olan “Eurocontrol”dan Türkiyə, İspaniya, İsveç və Ukrayna da daxil olmaqla, 42 Avropa ölkəsindən ABŞ-yə uçuşları müvəqqəti dayandırmağı xahiş edib.
Nəqliyyat naziri Şon Daffi radar və rabitə sistemlərinin tamamilə sıradan çıxmadığını, lakin qeyri-sabitliyin təhlükə yaratdığı üçün ehtiyat tədbiri görüldüyünü bildirib. Uçuş qadağası 4,5 saatdan sonra ləğv edilsə də, nazir hava nəqliyyatının dərhal deyil, tədricən normal axarına qayıdacağını və fəsadların günlərlə davam edə biləcəyini vurğulayıb.
Daxili təhlükəsizlik naziri Markveyn Mallin Ağ Evdəki açıqlamasında hadisənin hər hansı kiberhücum və ya təxribatla bağlı olmadığını, problemin FAA-dakı telekommunikasiya kəsintisindən qaynaqlandığını deyib.
“Hazırda bunun bizə qarşı qəsdən edilmiş hücum olduğuna dair heç bir əlamət yoxdur. Bu, Amerika xalqı üçün təhlükəsizlik təhdidi yaratmır və növbəti 11 sentyabr hadisəsi hesab edilməməlidir”, – deyə nazir qeyd edib.
O, həmçinin insidentin “Microsoft” sistemləri ilə əlaqələndirilməsi barədə iddiaları da təkzib edib.
ABŞ Prezidenti Donald Tramp isə “Fox News” telekanalına açıqlamasında böhranın kiberhücum və ya süni intellektlə əlaqəli olmadığını, problemin köhnəlmiş aviasiya infrastrukturundan qaynaqlandığını bildirib.
Nəqliyyat naziri Şon Daffi də yeni süni intellekt sistemlərində heç bir fasilə yaranmadığını, nasazlığın köhnə avadanlıqlarda baş verdiyini təsdiqləyib. Buna baxmayaraq, Federal Təhqiqat Bürosu (FTB) pozuntunun proqram təminatı yeniləməsindən qaynaqlanıb-yaranmadığını araşdırır.
Qeyd edək ki, 2001-ci ilin 11 sentyabr terror aktlarından və 2023-cü ilin yanvarındakı 2 saatlıq texniki nasazlıqdan sonra ölkə miqyasında yaşanan bu genişmiqyaslı fasilə aviasiya infrastrukturunun yenilənməsi məsələsini yenidən gündəmə gətirib. Demokratlar hadisə ilə bağlı hərtərəfli araşdırma tələb ediblər. Ötən il sistemlərin modernləşdirilməsi üçün Konqresdən 12,5 milyard dollar vəsait alan FAA üçün Ağ Evin əlavə 30 milyard dollar büdcə istədiyi bildirilir.
