Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə şirkətinə məxsus gəmi PUA ilə VURULDU

14.11.2026 20:15

Türkiyə şirkətinə məxsus gəmi PUA ilə VURULDU

Rumıniya sahilləri yaxınlığında “Larissa 1” quru yük gəmisi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Primeinfo.az yerli “Antena 3 CNN” telekanalına istinadən xəbər verir ki, hadisə noyabrın 13-ü axşam saatlarında Rumıniyanın Sfıntu-Georghe kəndindən təxminən 7 dəniz mili (12,6 km) məsafədə baş verib.

Məlumata görə, gəmidən dron zərbəsi barədə siqnal cümə günü yerli vaxtla saat 21:40-da daxil olub.

Həmin vaxt gəmi Dunay çayının Qara dənizə töküldüyü ərazidə yerləşən Sfıntu-Georghe kəndi yaxınlığında olub. Gəmi kapitanı hücum nəticəsində heyət üzvlərindən heç kimin xəsarət almadığını, PUA-nın yalnız yük kranına ziyan vurduğunu açıqlayıb. Rumıniya Müdafiə Nazirliyi insidenti təsdiqləyərək faktla bağlı araşdırma aparılacağını bildirib.

“The Insider” nəşrinin “Starboard Maritime Intelligence” xidmətinin məlumatlarına əsasən apardığı araşdırmaya görə, “Larissa 1” (IMO: 9154268) Palau bayrağı altında üzür və Liberiyada qeydiyyatdan keçmiş, lakin faktiki olaraq Türkiyədə yerləşən “AKN SHIPPING LTD” şirkətinə məxsusdur.

Gəmi Tunisin Bizerta limanından Rumıniyanın Sulina limanına doğru hərəkət edirmiş. “Antena 3 CNN”in məlumatına əsasən, gəmi oradan Ukraynaya yollanmalı idi.

Qeyd edək ki, “Larissa 1”ə endirilən zərbə oktyabrın əvvəlindən bəri NATO ölkələri, Rumıniya və Bolqarıstan sahillərində mülki gəmilərə qarşı törədilən azı 10-cu PUA hücumudur.

Bu fonda Rumıniya daha əvvəl alyansın Qara dəniz ölkələrinə dronlardan müdafiə məqsədilə birgə komandanlıq yaratmağı təklif edib. Bundan başqa, NATO-nun mətbuat katibi Ellison Hart qurumun bölgədə dəniz patrul təyyarələri və pilotsuz uçuş aparatları qruplaşmasını gücləndirəcəyini bəyan edib.

Paylaş: