Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanlı turistlərin xaricdəki xərcləri 12 %-ə yaxın azalıb

04.08.2026 15:25

Azərbaycanlı turistlərin xaricdəki xərcləri 12 %-ə yaxın azalıb
Bu ilin I yarısında Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki turizm xərcləri 841 milyon 709,3 min manat təşkil edib.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 % azdır.

Yanvar-iyun aylarında ən çox vəsait nəqliyyata xərclənib. 6 ay ərzində azərbaycanlı turistlərin nəqliyyat xərcləri 326 milyon 284,4 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,4 % azdır.

Hesabat dövründə turistlərimizin yerləşmə xərcləri də azalıb. Bu məqsədlə 155 milyon 134,2 min manat xərclənib ki, bu da illik müqayisədə 31 % azdır.

Hesabat dövründə qidalanmaya çəkilən xərclər isə 173 milyon 648,7 min manat təşkil edib. Bu sahədə 7,6 % azalma qeydə alınıb.

Azərbaycan vətəndaşları xaricdə alış-veriş və hədiyyələr üçün isə 138 milyon 132,3 min manat sərf edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 8,5 % azdır.

Vətəndaşlarımız turpaketlərin alınmasına isə 31 milyon 240,6 min manat xərcləyib. Bu sahədə 1 il əvvəllə müqayisədə 22 % artım qeydə alınıb.

Azərbaycanlı turistlərin idman və əyləncə xərcləri isə 12,6 % azalaraq 5 milyon 267 min manata düşüb, mədəniyyət xərcləri isə 19,6 % artaraq 3 milyon 033 min manata çatıb.

Yanvar-iyun aylarında nəqliyyat vasitələrinin icarəsinə isə 1 milyon 502,7 min manat xərclənib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 3,5 % azdır.

Turistlərin digər xərcləri isə 23,8 % azalma ilə 7 milyon 466,4 min manat təşkil edib.

Vətəndaşlarımızın ayrı-ayrı ölkələrdə turizmə xərclədikləri vəsaitlərə gəlincə isə 6 ay ərzində Türkiyədə 344 milyon 885 min manat, Rusiyada 132 milyon 813 min manat (11,7 % az), Gürcüstanda isə 61 milyon 724,6 min manat (54,7 % az) xərclənib.

Hesabat dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 5,1 % azalaraq 937,4 min nəfər olub. Vətəndaşlarımızın 41,5 %-i Türkiyəyə (ötən ilin eyni dövrünə nisbətən 3,5 % çox), 17,1 %-i Rusiyaya (3 % az), 11,7 %-i Gürcüstana (0,2 % çox), 6,2 %-i İrana (41 % az), 23,5 %-i isə digər ölkələrə (7,7 %- az) gedib, 66,5 %-ni kişilər, 33,5 %-ni qadınlar təşkil edib.

Yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 69,8 %-i hava, 28,1 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Paylaş: