
“Əfsuslar olsun ki, rəqib müharibə şəraitində çıxış edir”.
Primeinfo.az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Dinamo Kiyev” – “Qarabağ” qarşılaşmasından əvvəl Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, “Dinamo Kiyev”in doğma meydanından kənarda mübarizə aparması psixoloji olaraq təsir edəcək:
“Azarkeş, motivasiya və s. baxımından rəqibə təsiri olmaması mümkün deyil. Biz də istəyərdik ki, onların stadionunda oynayaq. Amma indi futbolda durum dəyişib. “Dinamo Kiyev” illərdir, bu cür şəraitdə çıxış edir. İnanmıram ki, ciddi təsir olacaq. İnanıram ki, müharibə tezliklə başa çatar. Nəinki, Rusiya-Ukrayna müharibəsi, ümumi dünyada barış və firəvanlıq hökm sürər” .
Baş məşqçi futbolçularının yavaş-yavaş optimal formalarına qayıtdığını qeyd edib:
“Kadi və Yankoviç yavaş-yavaş fiziki vəziyyətlərini yaxşılaşdırırlar. Bütün heyətin hazırkı məqamda optimal formasında olduğunu deyə bilmərik. Amma yenə də oyunçu axtarışlarımız hələ də davam edir. Orta xəttə və eyni zamanda bütün mövqelərə transferlər etməyi düşünürük. İnanıram ki, istədiyimiz nəticəni əldə edəcəyik”.
Qeyd edək ki, “Arena Lublin” stadionunda keçiriləcək “Dinamo Kiyev” – “Qarabağ” matçı avqustun 6-sı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması isə avqustun 13-də saat 20:00-da başlayacaq.