
Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirib. O, müşavirədə nazirliyin strukturunda dəyişikliklər edib və bir sıra yüksək vəzifələrə yeni təyinatlar həyata keçirib.
Primeinfo.az xəbər verir ki, müşavirənin əsas mövzusu Müdafiə Nazirliyinin idarəetmə strukturunun təkmilləşdirilməsi olub.
Putin bildirib ki, Müdafiə Nazirliyinin bütün arxa təminat xidmətləri bundan sonra vahid rəhbərlik altında fəaliyyət göstərəcək. Bu istiqamətə “Mərkəz” qoşun qruplaşmasının komandiri Valeri Solodçuk təyin edilib.
Rusiya prezidenti Solodçuku ölkənin ən istedadlı hərbi komandirlərindən biri adlandıraraq onun yeni vəzifənin öhdəsindən uğurla gələcəyinə inandığını bildirib.
Müşavirədə qərara alınıb ki, “Mərkəz” qruplaşmasının qərargah rəisi Denis Lyamin hazırda formalaşdırılan Pilotsuz Sistemlər Qoşunlarına rəhbərlik edəcək. Putin qeyd edib ki, Lyamin bu sahədə ən peşəkar hərbçilərdən biri hesab olunur və yeni qoşun növünün formalaşdırılmasını uğurla başa çatdıracağına ümid etdiyini deyib.
Daha bir qərara əsasən, general-polkovnik Andrey İvanayev “Mərkəz” qoşun qruplaşmasının yeni komandanı təyin olunub. Putin bildirib ki, bu qruplaşma Donetsk vilayətində ən mühüm döyüş tapşırıqlarını yerinə yetirən əsas hərbi birliklərdən biridir.
Rusiya lideri həmçinin general-leytenant Pyotr Bolqaryevi Şərq Hərbi Dairəsinin müvəqqəti komandanı və “Vostok” qoşun qruplaşmasının komandiri təyin edib.
Putin müşavirədə Müdafiə Nazirliyi və Baş Qərargah rəhbərliyindən Ukraynadakı döyüş əməliyyatlarının gedişi barədə məruzə dinləyib.
Sonda prezident yeni vəzifəyə təyin olunan zabitlərə əvvəlki fəaliyyətlərinə görə təşəkkür edib və onların döyüş təcrübəsinin yeni tapşırıqların yerinə yetirilməsində mühüm rol oynayacağını vurğulayıb.