
Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsindəki bağ evində gizləndiyi deyilən Əlihüseyn Hüseynovla bağlı bəzi detallar məlum olub.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, əvvəllər törətdiyi cinayətlərə görə məhkum olunmuş və təkrar törətdiyi cinayətlərə görə axtarışda olan Ə.Hüseynov bir müddət əvvəl rayonların birindən Bakıya gəlib.
O, aparıcının anasının tanışlarından birinin xahişi ilə onların evinə yerləşdirilib. Ə.Hüseynov 10 gündən artıq imiş ki, həmin evdə gizlədilibmiş.
Hadisə ilə bağlı dünən polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub və şəxsin həmin bağ evində gizləndiyi bildirilib. Aparılan araşdırmalarla fakt təsdiqini tapıb və ev sahibinə həmin şəxsin polisə təhvil verilməsi məsləhət görülüb. Lakin ev sahibi məlumatları təkzib edib, evində kənar şəxsin olmadığını bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat məlumatını dəqiqləşdirib və məlum olub ki, Ə.Hüseynov həmin ünvandakı bağ evinin həyətindəki tikilidə gizlənir. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla həmin şəxs gizləndiyi tikilidə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova – rəsmi ad-soyadı belədir – red.) Novxanı qəsəbəsində yerləşən bağ evinə basqın edilib.
Bu barədə aparıcı özü məlumat yayıb.
Onun sözlərinə görə, hadisə noyabrın 26-da saat 22 radələrində baş verib. Beş avtomobillə əraziyə gələn təxminən 15 nəfərdən ibarət naməlum şəxsin evə basqın etdiyi iddia olunur.
Bildirilib ki, hadisə zamanı evdən üç mobil telefon, ümumi dəyəri təxminən 30 min manat olan qədim boyunbağı, bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar oğurlanıb.
Firuzə Cəlilova hadisədə iştirak etdiyi ehtimal olunan avtomobillərdən dördünün dövlət qeydiyyat nişanını da açıqlayıb:
– 99-ME-666;
– 90-ME-007;
– 90-YA-094;
– 10-CE-025.
Aparıcı hüquq-mühafizə orqanlarına müraciət edərək hadisənin araşdırılmasını, şübhəli şəxslərin müəyyənləşdirilməsini və oğurlanan əşyaların geri qaytarılmasını istəyib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən edilib.
Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, aparıcı bu ilin aprelində Mingəçevir Dövlət Universitetində İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinə müdir – mətbuat katibi vəzifəsinə təyin olunub.
Посмотреть эту публикацию в Instagram