
Misli Premyer Liqasının XII turunda “Şamaxı” və “Turan Tovuz” klubları məşqçilərin rəqibi təhqir etməsi və futbolçularının təcavüzkar davranışına görə cərimələniblər.
Primeinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Noyabrın 21-də keçirilən “Şamaxı” – “Turan Tovuz” matçının ilk hissəsindən sonra hər iki komandanın məşqçisi rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən Araz Bağırov və Yunis Hüseynov hər biri 3 oyunluq cəzalandırılıb. Həmçinin klubların hər biri 8 000 manat cərimə olunub.
Həmin görüşün 75-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. O, biri şərti olmaqla 3 oyunluq cəzalandırılıb. Tovuz təmsilçisi isə 3 000 manat cərimələnib. Futbolçuya 6 aylıq sınaq müddəti təyin edilib.
Noyabrın 20-də keçirilən “Sumqayıt” – “Sabah” matçının 33-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Lukas Blek ikinci sarı vərəqədən qırmızı vərəqə aldığı üçün biroyunluq cəzalandırılıb. “Sumqayıt” klubu isə 500 manat cərimə olunub.