
UEFA Avropa Liqasının V turu çərçivəsində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer Şeva” komandaları arasında noyabrın 26-da Gürcüstanın Batumi şəhərində keçirilən keçirilən matçda qalmaqal yaşanıb.
Primeinfo.az xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində tribunada azarkeşlər arasında qarşıdurma baş verib.
Türkiyəli azarkeşlərin tribunalarda Fələstin bayraqları və Fələstin xalqına dəstək şüarları yazılmış plakatlar nümayiş etdirməsindən sonra Gürcüstan polisi müdaxilə edib. Təhlükəsizlik qüvvələri “Beşiktaş” azarkeşlərinə qarşı bibər qazından və dəyənəkdən istifadə edib. Sosial şəbəkələrdə yayılan görüntülərdə qara geyimli bir şəxsin “Beşiktaş” fanatını amansızlıqla döydüyü əks olunub.
Qeyd edək ki, baş verən toqquşmalar səbəbindən qarşılaşma yarımçıq dayandırılıb.
Qarşıdurma zamanı xəsarət alanlar və saxlanılanlar olub.
Hadisədən sonra danimarkalı baş hakim Morten Kroq oyunu dayandırıb. Futbolçular təhlükəsizlik məqsədilə meydançanı tərk edərək, paltardəyişmə otaqlarına gediblər.
“Beşiktaş”ın kapitanı Orkun Kökçü və komanda yoldaşları azarkeşləri sakitləşdirməyə çalışıblar.
Uzun fasilədən sonra oyun bərpa olunub. “Beşiktaş” gərgin qarşılaşmadan qalib ayrılıb. İstanbul təmsilçisi Junior Olaitanın 75-ci və Orkun Kökçünün 90-cı dəqiqədə vurduğu qollar sayəsində İsrail klubunu 2:1 hesabı ilə məğlub edib. Rəqibin yeganə qolunu əlavə vaxtda Covan İst vurub.
“Beşiktaş” rəhbərliyi polis müdaxiləsini kəskin şəkildə pisləyərək UEFA və Türkiyənin Batumidəki Baş konsulluğu vasitəsilə müvafiq addımların atıldığını açıqlayıb. Türkiyə Futbol Federasiyası da insidentin araşdırılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edib.
Məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, “Beşiktaş”ın UEFA Avropa Liqası çərçivəsində keçirilən matçını izləmək üçün Gürcüstanın Batumi şəhərinə gedən Türkiyə vətəndaşlarının vəziyyəti yaxından izlənilir.
Türkiyə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və hüquqlarının qorunması üçün bütün zəruri addımların atıldığı vurğulanıb.
Xatırladaq ki, UEFA Avropa Liqasının V turu çərçivəsində keçirilən “Beşiktaş” – “Hapoel Beer Şeva” matçında azarkeşlər arasında qarşıdurma baş verib. Polis “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə edib. Hadisədən sonra futbolçular təhlükəsizlik məqsədilə meydançanı tərk ediblər.























