
Bu gün çox səmərəli görüş keçirdik.
Primeinfo.az-ın xəbərinə görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra bildirib.
O, iki ölkə arasında strateji münasibətlərin əhəmiyyətini vurğulayıb.
Əraqçi deyib ki, İran və Rusiya arasındakı strateji münasibətlər Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi qüvvəyə mindikdən sonra yeni mərhələyə qədəm qoyub.
“Bu gün regional və beynəlxalq hadisələri müzakirə etdik. İkitərəfli münasibətlər çərçivəsində siyasi, mədəni və ticarət əlaqələrinin genişləndirilməsi üçün praktiki yolları nəzərdən keçirdik. İqtisadi əməkdaşlıq yaxşı templə inkişaf edir”, – o qeyd edib.
Nazirin sözlərinə görə, bugünkü intensiv danışıqlar zamanı Tehran və Moskva arasında ikitərəfli münasibətlər çərçivəsində qarşılıqlı maraq doğuran çoxsaylı məsələlər, regiondakı əsas hadisələr və beynəlxalq aləmdə baş verən dəyişikliklər ətrafında ətraflı və konstruktiv fikir mübadiləsi aparılıb.
Əraqçi vurğulayıb ki, İranın, Rusiyanın və bir çox digər ölkənin ortaq mövqeyi regional problemlərin hərbi yolla həllinin mümkün olmadığıdır. O, həmçinin, bildirib ki, mövcud təhlükəsizlik vəziyyəti fevralın 28-də başlayan və müxtəlif formalarda davam edən ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzünün birbaşa nəticəsidir.
“Xəzər dənizində İran və Rusiya gəmilərinə hücumlarla bağlı ciddi narahatlığımız var”, – Əraqçi əlavə edib.