
Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında həlak olan liviyalı hərbçilərin adlarını açıqlayıb:
Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Həddad, Quru Qoşunlarının komandanı, general-leytenant Futuri Qribel, Hərbi Zavodlarının direktoru, briqada generalı Mahmud Cuma əl-Giteyvi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Assavi və fotoqraf Məhəmməd Omar Əhməd Mahcuba.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin adından Liviyaya başsağlığı verilib.
***
11:42
Dünən Ankara yaxınlığında qəzaya uğrayan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın da olduğu “Falcon 50” uçağının qara qutusu tapılıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya jurnalistlərə açıqlamasında bildirib.
“Türkiyə xilasediciləri qara qutunu tapıb. Hazırda hərtərəfli araşdırma aparılır və nəticələri tezliklə məlum olacaq. Araşdırma aparılması üçün Liviyadan 22 nəfərlik heyət artıq Ankaraya yola düşüb, – deyə nazir qeyd edib.
Onun sözlərinə görə, təyyarə ötən gün Ankaranın Esenboğa hava limanından Tripoliyə yola düşüb. Yerli vaxtla saat 20:32-də heyət göyərtədə təcili vəziyyət barədə məlumat verib. Təyyarə ilə əlaqə saat 20:36-da kəsilib. Qalıqlar isə saat 22:00-da Ankaranın yaxınlığında aşkar edilib.
Göyərtədə beş Liviya hərbçisi də daxil olmaqla səkkiz nəfər olub. Saat 02:45-də təyyarəyə məxsus səs qeydiyyat cihazı, 03:20-də isə qara qutu tapılıb.
“Bu faciəvi qəza ilə əlaqədar Liviya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm”, – A.Yerlikaya deyib.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankaradan Tripoliyə uçan “9H-DFJ” nömrəli “Falcon 50” biznes uçağı ilə dekabrın 23-ü saat 20:52-də əlaqə kəsilib. Haymana yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb. Amma təyyarə ilə əlaqə bərpa olunmayıb. Bir müddət sonra isə qəzanın baş verdiyi bilinib.

