
İranda davam edən etiraz aksiyalarında ölənlərin sayı açıqlanıb.
Primeinfo.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.
Bildirilib ki, etiraz aksiyalarına təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində ölənlərin sayı 2 615-ə yüksəlib, 18 470 nəfər isə həbs edilib.
Bu rəqəmlər HRANA-nın aksiyaların 18-ci gününün yekunlarına dair hesabatında öz əksini tapıb.
Ölənlərdən 13-nün uşaq, 14-nün isə aksiyalarda iştirak etməyən mülki şəxslər olduğu bildirilib. 153 təhlükəsizlik qüvvəsi əməkdaşının öldüyü vurğulanan məlumatda 882 ölüm halı ilə bağlı araşdırmanın davam etdiyi qeyd olunub.
Məlumata görə, yanvarın 14-də ölkə üzrə 31 vilayətin 187 şəhərində 617 etiraz aksiyası qeydə alınıb.
Qeyd edək ki, İranda dekabrın 28-də milli valyutanın qəfil kəskin dəyər itirməsindən sonra etirazlar başlayıb.