
Elçibəy Türkçülük davasına bu düşüncə ilə atıldı və ömrünün sonunadək atıldığı bu yoldan dönmədi. Elçibəy dili, ədəbiyyatı, tarixi, məfkurəsi, mənəviyyatı, əxlaqı ilə min illər boyunca Türk torpaqlarında təşəkkül tapmış Türk mədəniyyətini Türkçülük ideologiyasının yaradıcısı saydı.
İlk öncə Əli Suavi tərəfindən irəli sürülən, sonra Əli bəy Hüseynzadə tərəfindən davam etdirilən “Türkləşmək, islamlaşmaq, avropalılaşmaq” düşüncəsi, nəhayət Ziya Göyalp tərəfindən “Türkləşmək, İslamlaşmaq, Çağdaşlaşmaq” adı altında sistemləşdirilən Türkçülük ideologiyası XX əsrin əvvəllərində Rəsulzadə və Atatürk, əsrin sonunda isə Elçibəy tərəfindən dövlət ideologiyası səviyyəsinə qaldırıldı.
Elçibəy bir mütəfəkkir kimi bilirdi ki, fikir, düşüncə, ideya və ölkələr nə top-tüfənglə yaradıla, nə də bu metodla xalqa mənimsədilə bilər. Bu fikir və ideyalar xalqa ilk öncə inam və sevgi ilə, səmimiyyət və əxlaqla aşılana bilər. Və O belə də etdi.
Xalqı tərəqqi və təkamülə doğru aparmağa çalışan Elçibəy bir Türk milliyyətçisi kimi öz fikir və düşüncələrini, güc və qüvvətini müəzzəm Türk millətinin ruhundan, Onun bəşəri inanclar sistemindən almışdır.
Elçibəyin bütün ideoloji, tarixi, siyasi və fəlsəfi araşdırmalarının, düşüncə çarpışmalarının çıxış nöqtəsi məhz Türk millətçiliyi ideologiyasının təməlləri üzərində qurulmuşdur.
Elçibəyə görə “Türkçülük” bir sistemdir. Gerçəkçi bir Türkçü kimi Elçibəyin əsas idealları aşağıdakı sistem üzərində qurulmuşdur:
Quzey Azərbaycanın müstəqilliyi – Demokratik Azərbaycan Cümhuriyyətinin qurulması;
Qarabağın erməni işğalından qurtulması;
Quzey Azərbaycanla Güney Azərbaycanın birləşməsi – Bütöv Azərbaycan Dövlətinin yaranması;
Azərbaycanla Türkiyənin bütünləşməsi – Azərbaycan Türkiyə Konfederasiyası.
Türk dünyasının mədəni, iqtisadi, hərbi, siyasi birliyi.
Elçibəy bu ideyalardan yalnız birini – Quzey Azərbaycanın müstəqilliyini gerçəkləşdirə bildi. Digərlərinin gerçəkləşməsi üçün konkret yollar göstərdi. İqtidarı qiyam yolu ilə devrilməsəydi və ömrü vəfa etsəydi, bu ideyalardan bir neçəsini də gerçəkləşdirəcəkdi. Çox təəssüflər olsun ki, adı Azərbaycanın bağımsızlığı ilə özdəşləşən böyük ideallar sahibi Elçibəy ABŞ, Rusiya, İran və Avropa Birliyi ölkələrinin müştərək ssenarisi və super güclərin Türk dünyasındakı əlaltıları ilə iqtidardan uzaqlaşdırıldı və onun qurduğu sistemin böyük əksəriyyətinin həlli gələcək nəsillərin ixtiyarına buraxıldı.
Elçibəy üçün səadət qət edilən məsafədir. Doğrudur, Vətən Elçibəy anlamında Böyük Türküstandır. Bu böyük Türküstan torpağının hər yeri Elçibəy üçün müqəddəsdir. Bu baxımdan Elçibəy şüurlu həyatını bu müqəddəs Vətənin azadlığı, birliyi uğrunda mübarizəyə sərf etdi və Ana Türküstanın ürəyi sayılan Azərbaycanın Quzeyini iki yüz illik imperiya caynağından xilas etdi.
Elçibəy Rus imperializminin və fars şovinizminin qarşısına ürəkli, cəsur, bilikli bir Türkçü kimi çıxdı. Öncə Quzey Azərbaycanın müstəqilliyini təmin etmək üçün Azərbaycanda uzun illər qan, sürgün və hər çeşid zorakı metodlarla sındırılmış Türklük Ruhunu oyandırdı, meydanlara toplanan yüz minlərlə insanda Türklük Şüuru ilə birlikdə istiqlal eşqi yaratdı, üç rəngli ay-ulduzlu bayrağımızı təkrar göylərə qaldırdı. Azərbaycanın müstəqilliyini elan və qəbul etdirdi, milli ordu yaratdı, Rusiya qoşunlarını Azərbaycandan çıxartdı, milli pulu dövriyyəyə buraxdı, Türk dilini dövlət dili elan etdi, ilk dəfə Beynəlxalq tribunalarda ana dilində çıxış edərək Türk dilinin beynəlxalq dillər cərgəsinə qoşulması ideyasını irəli sürdü. Azərbaycanda ilk dəfə demokratik seçki keçirməyə nail oldu, uzun illər boyu kilişləsmiş rüşvət və korrupsiyaya son qoydu, ilk dəfə olaraq “test” üsulunu tətbiq etdi, millətin canından “qorxu” hissini çıxardı, milli dövlət atributlarını qəbul etdirdi, bir sözlə, qısa bir zaman kəsiyində Müstəqil Azərbaycan Dövləti yaratdı.
İdealist düşüncə sahibi olan Elçibəy üçün Millət “böyük bir ruhdur”, Ruhun törədicisidir. Elçibəyə görə Haqqı qoruyan bir qüvvə varsa, o da Millətin gücüdür. Millətin gücü hər şeyə qadirdir. Elçibəyə görə “hakimiyyət qeyd-şərtsiz Millətindir”. Ona görə də Elçibəy Millətin gücündən istifadə edərək Onun Özünü və Vətəni qurtarmaq, çağdaş bir dövlət qurmaq üçün bütün qabiliyyətini ortaya qoydu.
Elçibəy rəsmi olaraq özünü “Türk millətçisi” adlandırıb və “bununla fəxr” edib. Lakin, Elçibəyin özünün də qeyd etdiyi kimi, “bizim Türk millətçiliyimiz şovinizmə, irqçiliyə qarşı olan bir ideyadır. Bizim millətçiliyimiz milli özünü müdafiə, Türk milli Ruhunun qorunması, onun dirçəldilməsi, dünyaya çatdırılması və Türk birliyinə nail olmaq uğrunda mübarizədir”.
Elçibəy üçün millətçilik də din kimi müqəddəs bir inamdır. Elçibəy göstərir ki, “Biz millətçi demokratıq… Biz Azərbaycanda bağımsız bir dövlət qurmaq və bağımsızlığın qədrini biləcək, qoruyacaq vətəndaşlar yetişdirmək istəyirdik”.
İsmayıl bay Qaspıralının məşhur “Dildə birlik, fikirdə birlik, işdə birlik” ideyasını əsas götürən Elçibəy göstərirdi ki: “Dil də canlı bir varlıqdır. varlıqdır… Dil, bir bütün olaraq xalqa aiddir. Ortaq Türk dilinin yaranması üçün Türk xalqlarının birliyi, onların mədəniyyətlərinin birliyi gərəkdir. Onların özləri yavaş-yavaş ortaq olacaqdılar… Bunun üçün bəlirli bir zaman və böyük bir mədəni birlik gərəkdir. Türk Dünyasının intellektual gücü bu gün bu işi gerçəkləşdirməyə yetər. Fəqət, Türk Dövlətlərinin ortaq kültürəl siyasəti də olmalıdır. Ümumtürk mədəniyyətinin, ümumtürk ədəbiyyatının və ümumtürk dilinin oluşdurulması bu mədəni siyasətin təməl bölümlərindən olmalıdır. Hətta bu siyasətə yatırım yapılmalı, dövlətlər bu iş üçün büdcə ayırmalıdırlar. Bu, dövlətçiliyin əsl qayələrindən biridir”.
Elçibəy təəssüflə qeyd edirdi ki, “dövlət rəhbərləri bunu anlamır, sadəcə iqtisadi, hərbi, siyasi məsələləri həll etməklə məşğuldurlar. Unudulmamalıdır ki, böyük dövlətlər böyük mədəniyyət üstündə inkişaf edirlər”.
Bu məsələyə çox ciddi yanaşan Elçibəy təkrar-təkrar qeyd etmişdir ki, “dövlətlər bu işə büdcə ayırmalıdır. Üç-beş alimin üç-beş toplantı keçirməsindən bir şey çıxmaz. Məktəblər açılmalı, təbliğat aparılmalı, bu çalışmalara milyardlar sərf edilməlidir… Dövlətlər hərbi xərclərə ayırdıqlarının yüzdə birini bu işə ayırsalar, elmə xərcləsələr, on ildən sonra bu Türk dövlətlərinin qarşısında dura biləcək bir qüvvə bulunmaz. Çünki bizim mədəni potensialımız çox güclüdür. Sadəcə, maddi dəstək gərəkdir. O dəstək isə yoxdur”.
Elçibəy ikiyə bölünmüş Azərbaycanın birləşməsi üçün mübarizə aparan, bütün Türk dünyasının mədəni, iqtisadi, hərbi və nəhayət siyasi birliyinə nail olmaq uğrunda çaba göstərən biricik liderlərdəndir.
Elçibəy Türk dilinə, Türk ədəbiyyatına, Türk tarixinə, Türk fəlsəfəsinə, Türk hərb sənətinə, bütövlükdə Türk mədəniyyətinə çox böyük önəm verən, onları dərindən bilən, dünya Türklüyünün bugünkü məsələlərinin çözüm yollarını göstərən yeni bir Türk düşünürüdür. Elçibəy bu münasibətlə göstərirdi: “…Yaxın 5-10 il içərisində Türkiyə dünyanın ən böyük dövlətlərindən biri olacaqdır. Dünya siyasətinə yön verəcək dövlətlərdən biri olacaq. İnşallah 260-270 milyon Türk insanı da iç-içə, yan-yana olarsa, Türklər 10 ildən, 15 ildən sonra dünyaya sözünü söyləyəcəklər. Dünya Türksüz davrana bilməyəcək. Türkün sözü olmadan dünya özbaşına yaşayıb durmayacaq, Türkün sözü ilə hesablaşacaqdır… Bax onda Yeni Turan məfkurəsi meydana çıxacaq. Türk kimliyi Avropaya yalnız Türkün öz mədəniyyətinə sahib çıxmasından sonra təqdim olunacaq… Soydaşlarımız öz xalqını tanıdıqca, öz millətinin keçmişini, mədəniyyətini öyrəndikcə, təbii ki, qürur duyacaq”.
Millət sevgisi Elçibəyin mənalı həyatının nüvəsidir. Çünki Elçibəy fəlsəfəsinə görə “İnsan millətini sevərkən, millətinə qovuşarkən ölümsüzlüyə qovuşur”. Elçibəyə görə “İnsan millətinin bir hissəciyidir”. İnsan yalnız “onunla bütövləşir, onunla bütövləşəndə Millət ölməzdir deyə, İnsan da ölməzliyə qovuşur”.
Elçibəy bir Türk sevdalısı kimi göstərirdi ki, “Türkləri sevmək hələ azdır. Türklərlə bağlı bütün gerçəkləri öyrənmək gərəkdir… Hərb sənəti, memarlıq sənəti, yüz minlərlə əlyazma kitabları bunlar böyük mədəniyyətdir. Səni sevməyənlərə deməlisən ki, “qardaşım, buyur! Dünyanın ən dəyərli xəzinəsi məndədir. Bax, dünyaya mən bunu, bunu, bunu vermişəm”. Mədəni mirası yaxşı öyrənməlisən ki, səndə böyüklük kompleksi doğsun. Və deyəcəksən ki, Mən bu ulu mədəniyyətin daşıyıcısıyam. Mən bu böyük elmin daşıyıcısıyam. Mən bu böyük tarixin daşıyıcısıyam və dünyaya yeniliyi, rifahı, ədalət və mədəniyyəti Mən gətirmişəm. Türk dahilərini ortaya qoyacaq və deyəcəksən: “Türklər iki fərqli mədəniyyəti çuğlaşdıran super bir kimlikdir… Türklüyün mahiyyətini qavraya bildikcə onunla qürur duyursan. Türklük məhz odur”. Deməli, bütün bunları dərk etmək üçün bircə üsul var: geniş bilgi sahibi olmaq.
Elçibəy tarixin inkişaf qanununa əsaslanaraq uzaqgörənliklə göstərirdi ki: “İnşallah bütün Türk dünyasında Cümhuriyyətlər yaranacaq, demokratiya yürüyəcək… Harada əzilən Türk varsa, orada onlar bayraqlarını qaldıracaqlar… Türk… yenidən gücünü toplamaqdadır. O, yeni bir kimlik ilə yenidən doğacaqdır. Yeni Yeni Türk kimliyinin 500 il öncəki Türk kimliyindən fərqi çox böyük olacaqdır. Onun milli dəyərləri, milli təfəkkürü, milli mədəniyyəti çox yüksəlməkdədir… İndi sırf milli Türk kökü üzərində qurulan yeni dövlətlər meydana çıxmaqdadır. Bu, tamamilə yeni və müəzzəm bir doğuşdur”.
Türkiyə ilə Azərbaycan və digər Türk Cümhuriyyətləri ilə əlaqələrə toxunan Elçibəy məsələlərə bir Türk milliyyətçisi kimi yanaşır və göstərir ki: “Türkiyə Azərbaycana nisbətən inkişaf etmiş bir ölkədir və Türk toplumunun hansı inkişaf etmişdirsə, inkişaf etməmiş olan ona yönəlməlidir. Biz də Türkiyəyə yönəlmişik. Çünki o, bizdən daha çox irəli getmiş bir ölkədir. Türkmənlər, Özbəklər, Qazaxlar da bizə meyillidirlər və bizə dərin hörmətlə yaxınlaşmaqdadırlar. Azərbaycanı özlərinə örnək göstərirlər. Çünki biz onlardan bir az öndəyik”. Elçibəy bir az da irəli gedərək qeyd edir ki: “Türkiyə ilə Azərbaycan arasında viza olmasını qəbul etmirəm. Viza götürülməlidir… Türkiyə ilə Azərbaycan Konfederasyona getməli, birləşməli, sərhədlər götürülməlidir”.
Elçibəy istər şifahi nitqlərində və istərsə də yazılarında dəfələrlə göstərmişdir ki, nə vaxtsa “orta Türk ədəbi dili və ortaq Türk əlifbası yaranacaq”. Və bu “ortaq Türk dilinin yaranması üçün Türk xalqlarının, ayrı-ayrı Türk etnoslarının birliyi, onların mədəniyyətlərinin birliyi lazımdır… Bunun üçün müəyyən vaxt, böyük mədəni birlik lazımdır.
Bu gün “250 – 300 milyonluq Türk dünyasının başı Türkiyə, ürəyi Azərbaycan, bədəni Türküstandır. Türk dünyasının bu döyünən ürəyi dayanarsa baş pozular, bədən iflic olar”. Bunu söyləməklə Elçibəy bütün Türk dünyasının nəzər-diqqətini məhz Azərbaycana yönəltməyə çalışmış və göstərmişdir ki: “Türkiyə yeni Türk Cümhuriyyətlərilə qeyd-şərtsiz siyasi, iqtisadi və mədəni münasibətlər qurmaq məcburiyyətindədir. Türkiyənin bağımsızlığı və rifahı üçün ikinci bir yol yoxdur. Azərbaycanla, Türküstanla maraqlanmamaq kökümüzdən qopmaqdır, qəflətdir, dəlalətdir, xəyanətdir”.
Elçibəy yetkin bir Türk millətçisi kimi Türk, gəncliyini gerçək mübarizələrə yönəltməyi bacaran idealist bir liderdir. Azərbaycan Türk gəncliyini milli sərvət hesab edən Elçibəy onları milli hədəflərə doğru istiqamətləndirən, onların Ruh boşluğunu doldurmağa çalışan, onları müqəddəs Vətənin doğma Azərbaycanın bütövlüyü uğrunda bir bayraq altında toplamağı bacaran bir liderdir.
Elçibəy irsi, onun Türk dili, Türk xalqı, Türk tarixi, Türk mədəniyyəti, Türk fəlsəfəsi, Türk dövlətçiliyi, milli kimliyimiz, milli məfkurəmiz, azadlıq, demokratiya, din, əxlaq, elm və s. haqqında söylədiyi fikir və mülahizələr bütövlükdə Türk dünyasının mənəvi enerji qaynağıdır.
Ruhu şad olsun. Amin.
Aydın Qasımlı, Filologiya elmləri üzrə fəlsəfə doktoru